Finss.az - Azərbaycan iqtisadi, ticari və nəqliyyat sahələrində regional mövqeyini gücləndirmək məqsədilə müxtəlif formatlarda və platformalarda görüşlərin keçirilməsinə və qarşılıqlı dialoq əsasında əlaqələrin qurulmasına əhəmiyyət verir. İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən Üçüncü Xəzər İqtisadi Forumu da Xəzər dənizi ətrafında yerləşən ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində əhəmiyyətə malikdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Nicat Hacızadə bildirib ki, Xəzəryanı ölkələri öz ətrafında birləşdirən Xəzər İqtisadi Forumu nəqliyyat, tranzit, ticarət, bank sahələrində əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi üçün Azərbaycana əlavə fürsətlər yaradır. Rusiya və Qazaxıstanla MDB, Qazaxıstan və Türkmənistanla Türk Dövlətləri Təşkilatı (TDT), İran İslam Respublikası ilə D-8 çərçivəsində əməkdaşlığı Azərbaycanı Xəzər İqtisadi Forumunda şaxəli diplomatik əlaqələrə malik ölkə kimi xarakterizə edir. Bu baxımdan, Xəzər İqtisadi Forumunda Azərbaycanın iqtisadi diplomatik gücünü daha effektiv və təsirli hesab etmək olar.
Nicat Hacızadənin sözlərinə görə, Azərbaycanın əsas ticarət tərəfdaşları arasında yer alan Xəzəryanı ölkələrlə qeyri-resurs mənşəli xarici ticarət əlaqələrinin dinamikası son illər artmaqdadır. Ölkəmizin regionda əsas nəqliyyat qovşağına çevrilməsi, qərb bazarlarına çıxış üçün alternativ və unikal dəhliz funksiyalarını yerinə yetirməsi Xəzər İqtisadi Forumunda Azərbaycanın mövqeyini göcləndirir.
Digər tərəfdən, bir sıra regionlarda geosiyasi və iqtisadi şəraitin dəyişməsi fonunda Azərbaycan Xəzəryanı ölkələr arasında investisiya mühitinə və yeni istehsal müəssisələrinin yaradılması imkanlarına görə digər respublikalardan fərqlənir.
İİTKM-in şöbə müdiri diqqətə çatdırıb ki, 2024-cü ilin doqquz ayı ərzində Azərbaycan iqtisadiyyatına Xəzəryanı ölkələr tərəfindən 400 milyon ABŞ dollarına yaxın birbaşa xarici investisiya qoyuluşu həyata keçirilib. Bu göstərici ümumi xarici sərmayə axının təxminən 10%-a yaxın hissəsinə bərabərdir. Şübhəsiz, son 10 ildə Xəzəryanı ölkələrin müəyyən hissəsinin iqtisadi dalğalanmalara məruz qalması inflyasiya və investisiya göstəricilərinə təsir göstərib. Bu baxımdan, Xəzər İqtisadi Forumu qarşılıqlı investisiya mübadiləsinin artırılması baxımından əhəmiyyətli platforma hesab edilə bilər.
Forumda çıxış edən Baş nazir Əli Əsədov Xəzərin dayazlaşması problemi, nəqliyyat dəhlizləri və regionda təhlükəsizlik məsələlərindən danışıb. O, Xəzəryanı ölkələr arasında xarici ticarət əlaqələrinin perpektivinə də toxunub. Belə ki, 2024-cü ildə Azərbaycanla Xəzəryanı ölkələr arasında xarici ticarət dövriyyəsi 2023-cü ilə nəzərən 6.2% artaraq 6.3 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ümumi ticarət dövriyyəsinin 13,2%-ni təşkil edir. Bundan əlavə, Azərbaycanın Xəzəryanı ölkələrə ixrac dövriyyəsi 1% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.
Nicat Hacızadə əlavə edib ki, Xəzər İqtisadi Forumunda “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizlərində Azərbaycanın rolu xüsusi vurğulanıb. Bildirilib ki, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına bu dəhlizlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırır. Bu dəhlizlər Azərbaycanın regional logistika qovşağı kimi əhəmiyyətinidə artıraraq, ölkəmizin təkrar ixrac rolunu da artıra bilər.
![](/file/articles/2025/02/18/1739887290_20.jpeg)
![](/file/articles/2025/02/18/1739887276_n.hacizade.jpg)
Zemfira Ms
Finss.az