BİZNES

28 Noyabr

Daha bir məhsul “Made in Turan” nişanı ilə ixrac ediləcək

Fins.az - Azərbaycanın filtr məhsullarının istehsalçısı “Az Filter” şirkəti 2025-ci ilin yanvar ayından etibarən məhsullarını “Made in Turan” nişanı altında ixrac edəcək.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına şirkətin baş direktoru Abuzər Fərhadlı məlumat verib.

Onun sözlərinə görə, yeni qablaşdırmada məhsulların üzərində bu nişan əks olunacaq. “Gürcüstan və Qazaxıstandan ixraca dair sifarişlər daxil olub ki, bu bazarlara dekabr ayından tədarüklərə başlanılacaq. Qeyd edim ki, biz Ələt Azad İqtisadi Zonasında rezident statusunun əldə olunması ilə bağlı müraciət etmişik və müraciətimizə müsbət rəy verilib. Burada istehsalın təşkili ilə bağlı Çin, Koreya və Tayvandan zəruri olan avadanlıqların alınmasına dair sifarişlər vermişik. Ələt Azad İqtisadi Zonasında istehsalın təşkili məhsullarımızı Avropa bazarına da ixrac etməyə imkan yaradacaq”, - A.Fərhadlı əlavə edib.

Qeyd edək ki, şirkət tərəfindən minik və kommersiya avtomobilləri, həmçinin sənaye, tikinti, kənd təsərrüfatı, dağ-mədən və dəniz sahələrində istifadə olunan texnikaların filtrləri istehsal edilir.