BİZNES

28 Noyabr

Latviya şirkətlərinin Azərbaycanda işgüzar fəaliyyəti 30% artıb

Latviya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə marağı təxminən 30 faiz artıb.

Fins.az-ın məlumatına görə, bunu Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Siçeva Bakıda keçirilən "Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" mövzusunda təşkil olunan tədbir çərçivəsində bildirib.

Liqa Siçeva qeyd edib ki, bu göstərici yalnız maraq göstərən şirkətləri deyil, artıq Azərbaycanla biznes fəaliyyəti həyata keçirən şirkətləri də əhatə edir. Onun sözlərinə görə, bu, hər iki ölkənin şirkətləri üçün mühüm bir siqnal olmaqla yanaşı, əla bir nəticədir.

O, xüsusilə yüksək əlavə dəyərli sahələrdə — informasiya texnologiyaları, təhsil və yaşıl texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Eyni zamanda, qida sənayesi, turizm və digər ənənəvi sahələrin də əhəmiyyətini qeyd edib.