BİZNES

28 Noyabr

Paşa Kapital-da “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC ilə “Paşa Holdinq”ə məxsus Paşa Kapital şirkəti yeni əməkdaşlığa start verib.

“AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza Paşa Kapitalın onlayn hesab açılması xidmətinə uğurla inteqrasiya olunub.

Fins.az xəbər verir ki, artıq yerli və xarici maliyyə bazarlarına investisiya etmək istəyən şəxslər “SİMA İmza” ilə Paşa Kapitalın veb-saytında və ya “Pasha Capital” mobil tətbiqində rahatlıqla hesab aça bilərlər. Bunun sayəsində müştərilərin müqaviləni imzalaması üçün xidmət ofisinə getməsinə ehtiyac qalmır. Müştəri heç yerə getmədən, günün istənilən saatında sadəcə öz məlumatlarını onlayn formada daxil edərək investisiya hesabı aça və onlayn ticarətə (trading) başlaya bilir.

Hesab açdıqdan sonra müştərilər Paşa Kapital platforması üzərindən qlobal investisiya birjalarına çıxış imkanı əldə edirlər. Həmçinin şirkətin təqdim etdiyi bütün pərakəndə biznes xidmətlərindən yararlana bilirlər. Bunlara yerli bazarda istiqrazlar və notlar almaq, xarici bazarda isə səhmlər, valyuta ticarəti, əmtəələr, kriptovalyuta, indekslər, eləcə də yeni nəsil investisiya alətləri olan ETF (birjada ticarət olunan fondlar) və CFD (fərq müqavilələri) kimi investisiya fəaliyyətləri daxildir.

Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Zemfira Ms
Fins.az