BİZNES

27 Noyabr

"Azərbaycan Dəmir Yolları"nın iki şirkəti birləşərək yeni struktur yaradır

“ADY Konteyner” MMC, “ADY Ekspress” MMC-yə qoşulması ilə əlaqədar olaraq ləğv edildiyini elan edib.

Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Məlumata görə, kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 13A (Xətai Plaza) ünvanına bildirə bilərlər.

Eyni zamanda, "ADY Ekspress" MMC, "ADY Konteyner" MMC-nin ona qoşulması ilə yenidən təşkil edildiyini açıqlayıb.

“ADY Konteyner” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 5 milyon 829 min 57 manat olub. MMC-nin qanuni təmsilçisi Mədətli Əkbər Eynulla oğludur.

“ADY Ekspress” MMC isə əvvəlcə 2015-ci ildə “Karvan Logistics" MMC adı altında qeydiyyatdan keçib, 2016-cı ildə isə rebrendiq edərək “ADY Ekspress” MMC olaraq yenidən qeydiyyata alınıb. Bu şirkətin nizamnamə kapitalı 1 911 634 manatdır və qanuni təmsilçisi yenə Mədətli Əkbər Eynulla oğludur.

Fuad Mədətov
Fins.az