BİZNES

27 Noyabr

Azərbaycan kapital bazarlarına vergi dəstəyi: İPO-lar üçün yeni imkanlar

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsini planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Samirə Musayevanın sözlərinə görə, kapital bazarlarının inkişafı ölkənin prioritet sahələrindən biridir.

"Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birgə qanunvericiliyin təkmilləşdirilməsi üzərində iş aparılır. Hüquqi bazanın yaradılması ilə yanaşı, bu sahədə institusional bazanın da formalaşdırılması vacibdir. Birjanın fəaliyyəti və onun üzvlərinin inkişafı bu prosesin ayrılmaz tərkib hissəsidir,” - deyə S. Musayeva vurğulayıb.

DVX-nin rəis müavini xatırladıb ki, kapital bazarının inkişafına dəstək məqsədilə 2023-cü il fevralın 1-dən tənzimlənən bazarda ticarətə buraxılan səhm üzrə əldə edilən faiz, dividend və diskont gəlirlərinə 5 illik vergi azadolmaları tətbiq edilib.

"2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərə uyğun olaraq, birjada ticarət olunan səhmlərin alqı-satqısını həyata keçirən və İPO-ya çıxan müəssisələrə investisiya marağını artırmaq üçün çevik vergi tənzimləmələri nəzərdə tutulur," - deyə o əlavə edib.

Samirə Musayeva həmçinin bildirib ki, hazırda Dövlət Vergi Xidməti və Azərbaycan Mərkəzi Bankı kapital bazarları ilə bağlı hüquqi və institusional bazanın hazırlanması üzərində işləyir. "Bu hazırlıqlar tamamlandıqdan sonra İPO-ların vergi yolu ilə dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirəcəyik,” - deyə o fikrini yekunlaşdırıb.