2025-ci ildə təsdiqlənməsi gözlənilən logistik subsidiya mexanizmi, Azərbaycanın ixrac coğrafiyasını şaxələndirmək və qeyri-ənənəvi bazarlara ixracı stimullaşdırmaq məqsədini daşıyacaq.
Fins.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva Bakıda keçirilən "Turan E-ticarət və E-İxracat Forumu"nda deyib.
O, həmçinin qeyd edib ki, bu mexanizm işğaldan azad edilmiş ərazilərdən ixrac fəaliyyəti həyata keçirən sahibkarların logistik xərclərinin tam şəkildə qarşılanmasını nəzərdə tutur. Bu addım, Azərbaycanla digər türk dövlətləri arasında ticarət dövriyyəsinin artırılmasına və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə digər türk dövlətləri arasında ticarət dövriyyəsinin dəyəri 6,1 milyard ABŞ dolları təşkil edib. Bunun 3,5 milyard ABŞ dolları ixrac payına düşüb. 1995-2023-cü illər arasında isə Turan dövlətlərindən Azərbaycana 16 milyard ABŞ dollarından çox sərmayə yatırılıb. Bununla yanaşı, Türk dövlətləri ilə sərmayələrin təşviqi və qorunması barədə razılaşmalar imzalanıb, bu da müqavilə-hüquq bazasının möhkəmlənməsinə və genişlənməsinə imkan yaradır.