BİZNES

26 Noyabr

Abşeronda yollar və səkilər yenidən qurulacaq: 1,8 milyon manatlıq abadlıq işləri

Abşeron rayonunun Xırdalan şəhərində geniş abadlıq işləri həyata keçiriləcək.

Fins.az-ın dövlət satınalamalarının vahid internet portalına istinadən məlumatına görə, bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi hazırlıqlara başlayıb.

Bu layihə çərçivəsində Bakı-Sumqayıt yolunun ekologiya postundan Masazır dairəsinə qədər olan ərazidə bir sıra işlər görüləcək. Bunlar arasında daş hasarın hidrofobizasiyası, su-dispersiyalı laklarla boyanması, yararsız suvağının sökülməsi, dekorativ məhlul ilə yüksək keyfiyyətli suvama, daş hasarın emulsiya ilə rənglənməsi, bitum ilə astarlanma, və səkilərə xırdadənəli asfalt örtüyünün vurulması daxildir. Ayrıca, taxta oturacaqlı metal söhbətgah (6x4m ölçüsündə) quraşdırılacaq.

Bu işlərin icrası "Proqress İnşaat EN" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb. İşlərin ümumi dəyəri isə 1.803.006,02 AZN olaraq müəyyən edilib.