2024-cü il Azərbaycanda 5 milyon 292 min ton kondensat hasil edilib ki, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,7 faiz artım təşkil edir.
Finss.az Dövlət Statistika Komitəsinin yayımladığı məlumata əsasən xəbər verir ki, hesabat dövründə ölkədə ümumi neft hasilatının həcmi 23 milyon 772 min ton olub və bunun 18,2 faizi kondensatın, 81,8 faizi isə neftin payına düşüb.
Qeyd edək ki, Azərbaycanda hasil edilən kondensatın əsas hissəsi “Şahdəniz” yatağından əldə olunur. Bu yataqdan çıxarılan məhsul Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə ixrac edilir. 2023-cü ilin iyulunda istismara verilmiş “Abşeron” qaz-kondensat yatağı və “Ümid” yatağı (“Ümid–Babək” bloku) də kondensat hasilatına töhfə verir. “Abşeron” yatağının işlənməsi iki mərhələdə həyata keçirilir. İlkin Hasilat Sxemi (İHS) layihəsi çərçivəsində gündəlik təqribən 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat hasil olunur.
Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatı 2,2 trilyon kubmetrdir. Ölkənin illik qaz ixracı isə 21 milyard kubmetr təşkil edir və növbəti 5 il ərzində bu həcm 30–31 milyard kubmetrə qədər artırılacaq. Avropaya qaz ixracının isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə yüksəlməsi proqnozlaşdırılır.
“Abşeron” qaz-kondensat yatağının hasilatı böyük əhəmiyyət kəsb edir. Çünki indiyə qədər Azərbaycanın əsas qaz ixrac resursu “Şahdəniz” yatağı olmuşdur. Hazırda isə ölkəmizin iki böyük qaz-kondensat yatağı mövcuddur. “Abşeron” yatağından hasilatın başlanması ixracın artırılmasına müsbət təsir göstərəcək.
“Abşeron” qaz-kondensat yatağının işlənməsi çərçivəsində sualtı hasilat quyusu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirilir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Hasil olunan qazın Azərbaycanın daxili bazarına satılması nəzərdə tutulur.
JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və “TotalEnergies” hər biri 50 faiz paya malikdir. Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi “Neft Daşları”nda yerləşən mərkəzi idarəetmə məntəqəsindən həyata keçirilir.
Son olaraq qeyd edək ki, “Abşeron” qaz-kondensat yatağı çox mürəkkəb quruluşa malikdir və Xəzər dənizində istismar edilən ən dərin hissədə yerləşir. Əgər “Şahdəniz” yatağı dənizin 550 metr dərinliyində yerləşirsə, “Abşeron” yatağı 600 metr dərinlikdədir. Məhsuldar qaz laylarının dərinliyi isə “Şahdəniz”də 6 min 800 – 7 min 100 metr arasında, “Abşeron” yatağında isə 7 min 300 metrə qədər uzanır. Buna görə də, “Abşeron” yatağı Xəzər dənizindəki ən mürəkkəb hasilat yatağı olaraq gözlənilir.
Fuad Mədətov
Finss.az