Azərbaycan ərazisində yük daşımaları ilə məşğul olan şəxslərin könüllü olaraq ƏDV qeydiyyatına keçməsi qaydası tənzimlənəcək.
Fins.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.
Hazırda Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən, ƏDV üzrə könüllü qeydiyyat vergi ödəyicisinin müraciətində göstərilən tarixdən qüvvəyə minir və maksimum 3 il müddətinə tətbiq edilir. Lakin bu müddəalar yük daşımalarını həyata keçirən şəxslərə şamil edilmir.
Yeni dəyişikliklərə əsasən:
- 2024-cü il yanvarın 1-dən yük daşımaları ilə məşğul olan şəxslər üçün "Fərqlənmə nişanı" almaq üçün vergi, sosial sığorta və icbari tibbi sığorta ödənişləri tələb edilməyəcək. Onların vergi öhdəlikləri qanunla müəyyən ediləcək qaydalara əsaslanacaq.
- Əgər bu şəxslərin 12 aylıq dövriyyəsi 200 min manatdan aşağı olarsa, onlar sadələşdirilmiş vergini (2%-lə), bu həddi keçdikdə isə mənfəət (gəlir) vergisi və ƏDV ödəməlidirlər.
Təklif edilən dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək və həmin tarixdən əvvəlki dövrə tətbiq edilməyəcək. Bu, yük daşımaları sektorunda vergi rejiminin daha aydın və ədalətli şəkildə tənzimlənməsinə xidmət edir.
Fuad Mədətov
Fins.az