BİZNES

03 Noyabr

Norm Ustalar Klubunun üzvləri sertifikasiya imtahanına cəlb olunub

“Norm”  ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı çərçivəsində Norm Ustalar Klubunun üzvlərinin sertifikasiya imtahanının birinci mərhələsi həyata keçirilib.

Bu barədə Fins.az-a ASC-dən məlumat verilib.

Bu mərhələdə ustaların nəzəri biliklərinin qiymətləndirilməsi aparılıb və imtahanda 27 nəfər iştirak edib. Nəzəri imtahanda “İnşaat ustası” peşə ixtisasının modulları üzrə test tapşırıqlarının cavablandırılması tələb olunub. İlk mərhələni uğurla tamamlayan ustalar ikinci mərhələdə praktik imtahana cəlb olunacaqlar. Hər iki mərhələdən uğurla keçən ustalara TKTA tərəfindən peşə ixtisasını təsdiq edən sənəd təqdim olunacaq.

Qeyd edək ki, “Norm” ASC ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində Anlaşma Memorandumu cari ilin əvvəlində imzalanıb. Əməkdaşlıq çərçivəsində inşaat ustalarının bilik və bacarıqlarının qiymətləndirilməsi və tanınması ilə bağlı layihələrin icrası nəzərdə tutulur.

Sözügedən layihənin icra olunmasında məqsəd inşaat ustalarının peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.

Norm Ustalar Klubu inşaat sahəsində fəaliyyət göstərən ustaların bir araya gəldiyi platformadır. Layihənin əsası 2016-cı ildə “Norm” ASC tərəfindən qoyulub. Hazırda klubun 16,000-dən çox üzvü var. Klubda ustalar və onların ailələri üçün müxtəlif layihələr həyata keçirilir.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

 

Zemfira Ms
Fins.az