BİZNES

16 Oktyabr

Bəzi balıq növləri və xüsusi ayaqqabılar üçün yeni gömrük rüsumu müəyyən olunub

Diri və soyudulmuş balıq növlərinin və təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Fins.az, Nazirlər Kabinetinin müvafiq izahına istinadən xəbər verir ki, Qərar yerli istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, daxili istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına əsasən bir sıra diri və soyudulmuş balıq növlərinin idxalına 0% dərəcəsində, təhlükəsizlik ayaqqabılarının idxalına isə 15% dərəcəsində gömrük rüsumu müəyyən olunub.

Nazirlər Kabinetinin 2024-cü il oktyabrın 15-də qəbul etdiyi 453 nömrəli Qərarına əsasən 30.06.2026-cı il tarixinədək bir sıra diri və soyudulmuş balıq növləri üzrə idxal gömrük rüsumları 0% dərəcəsindən 15% dərəcəsinə yüksəldilir, həmçinin təhlükəsizlik ayaqqabılarının idxalına tətbiq olunan gömrük rüsumları 15% dərəcəsindən artırılaraq spesifik rüsum formasında 1 cüt üçün 9 ABŞ dolları məbləğində müəyyən edilir.

Qərarın qəbul edilməsi nəticəsində yerli məhsulların analoji idxal mallarına münasibətdə rəqabət qabiliyyətinin artırılması proqnozlaşdırılır.

Zemfira Ms
Fins.az