"INMerge” İnnovasiya Sammiti, yeni təşəbbüslər və innovasiyalar üçün mühüm platforma olaraq diqqət çəkir.
Fins.az xəbər verir ki, bunu “PAŞA Holdinq” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov təmsil etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge” İnnovasiya Sammitinin 2-ci günündə bildirib.
C.Qasımov, tədbirin əhəmiyyətini vurğulayaraq şirkətlərin yeniliklərə açıq olmasının zəruriliyini qeyd edib. O bildirib ki, müasir dövrdə şirkətlər üçün ən böyük risk yenilik etməməkdir.
“Hazırda texnologiyalar və istehlakçı ehtiyacları sürətlə dəyişir. 5-10 il əvvəl rəqəmsal marketinqin ümumi marketinq büdcəsindəki payı xeyli aşağı idi, lakin bu gün bu göstərici artmaqdadır. Şirkətlər, ilk növbədə, yenilik etməməyin ciddi risk olduğunu anlamalıdırlar,” – deyə o əlavə etdi.
Sammitin təşkilatçılığını həyata keçirən “PAŞA Holdinq” MMC, beynəlxalq səviyyədə iştirakçıları cəlb etməyə çalışdığını deyən C.Qasımov vurğulayıb ki, bu cür platformalar, müxtəlif ölkələrdən insanların iştirakını təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir.
“PAŞA Holdinq” MMC-nin rəsmisi, süni intellektin iş dünyasında səmərəliliyi və sürəti artırdığını, lakin bununla yanaşı, liderlərin də rolunun böyük olduğunu qeyd edib.
“Süni intellektdən yaxşı və pis məqsədlərə istifadə edə bilərik. Liderlik, eyni zamanda, məsuliyyətdir. Hər bir lider başa düşməlidir ki, o, insanlarla bağlı məsuliyyət daşıyır. Fərqi yoxdur, sənin üçün, ya da dövlət üçün işləyir. Yaxşı liderlər yetişdirsək, dünyada daha yaxşı bir yer yaradacağıq,” – deyə bildirib.
“INMerge” İnnovasiya Sammiti, bu cür müzakirələr üçün unikal bir platforma təqdim edərək, innovativ fikirlərin və təcrübələrin paylaşılması üçün geniş imkanlar yaradır. Sammitin nəticələri, iştirakçıların iş fəaliyyətinə və innovasiya mədəniyyətinə müsbət təsir edəcək.
Fuad Mədətov
Fins.az