Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 4 obyekt çıxarılıb. Obyektlərin aylıq icarə qiyməti 21 manatla 408 manat arasında dəyişir.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən start qiyməti ucuz olan obyektlərin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir. Hazırki müsabiqəyə çıxarılan 4 obyekt Gəncə şəhərində və Goranboy rayonunda yerləşir. Təklif olunan qeyri-yaşayış sahələrinin aylıq icarə qiyməti 21 manatdan başlayır. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqə yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir.
Sifarişçilər müsabiqədə iştirak etmək üçün 14 noyabr 2024-cü il tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər.
İcarə üçün təklif olunan obyektlər kiçik sahibkarlar üçün olduqca əlverişlidir.
İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla //clck.ru/3Dpju9 linki vasitəsilə tanış olmaq mümkündür.
Dövlət müəssisələrinin balansında olan qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdiriləcək. Bu barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) öncədən yerləşdiriləcəkdir.
Zemfira Ms
Fins.az