BİZNES

07 Oktyabr

BVF Azərbaycanda təlim proqramına start verib

Beynəlxalq Valyuta Fondu (BVF) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” adlı təlim proqramına başlayıb. Oktyabrın 7-dən 11-dək keçiriləcək təlimdə 10-dan çox dövlət qurumundan 25 nümayəndə iştirak edir.

Fins.az xəbər verir ki, təlimin məqsədi iştirakçıların makroiqtisadi təhlil və maliyyə proqramlaşdırması üzrə əsas bacarıqlarını, eləcə də makroiqtisadi modelləşdirmə təcrübəsini artırmaqdır. Təlim proqramı real sektorun təhlili, iqtisadiyyatda tələb və təklifin təhlili, inflyasiya, qiymət deflyatorları, tədiyyə balansı, fiskal və monetar sektorların təhlili, sektorlararası əlaqələr və proqnozlaşdırma metodları kimi mövzuları əhatə edir.

Təlim BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke və iqtisadçılar Nurdaulet Abilov və Aliyə Uskenbayeva tərəfindən aparılır.

Açılış nitqi ilə çıxış edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bu təlimin dövlət sektoru üçün mühüm addım olduğunu və makroiqtisadi təhlilin iqtisadi siyasətin formalaşmasında həlledici rol oynadığını bildirib. O, təlimin iştirakçılar üçün yeni perspektivlər açacağını və bu biliklərin ölkə iqtisadiyyatı üçün faydalı olacağını qeyd edib.

Açılış sessiyası zamanı BVF-nin regional direktoru Norbert Funke əməkdaşlığa və qonaqpərvərliyə görə İİTKM-ə və Azərbaycana minnətdarlığını bildirib. O, ardıcıl makroiqtisadi proqnozların işlənib hazırlanmasında, iqtisadi problemlərin diaqnostikasında, həll yollarının variantlarının araşdırılmasında və iqtisadi siyasətin formalaşdırılması üçün ssenari təhlilinin aparılmasında bu təlimin əhəmiyyətini vurğulayıb.

Vüsal Qasımlı həmçinin BVF ilə əməkdaşlığın davam etdiriləcəyini və bu cür təşəbbüslərin gələcəkdə də artacağını xatırladaraq iştirakçılara bu imkandan maksimum yararlanmağı tövsiyə edib.

 

Zemfira Ms
Fins.az