BİZNES

26 Sentyabr

“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu

“Azerconnect Group” regionda ilk dəfə Azərbaycanda keçirilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransı dəstəkləyib. Dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun nümayəndələri, həmçinin diplomatlar və ekspertlərin bir araya gəldiyi tədbirdə Azərbaycanın informasiya təhlükəsizliyini artırılmasında diplomatiyanın rolu müzakirə olunub.

Fins.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ADA Universitetinin tərəfdaşlığı, “Azerconnect Group” və digər özəl təşkilatların dəstəyi ilə keçirilib.

Tədbirdə qlobal kiberdiplomatiyada özəl sektorun rolu, kibertəhlükəsizlik sahəsinin inkişafında beynəlxalq əməkdaşlığın önəmi qeyd olunub. Həmçinin, konfrans zamanı Avropa və Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, strateji əhəmiyyətə malik bu rəqəmsal dəhliz regionda iqtisadi inkişafı və rabitənin genişlənməsini stimullaşdıracaq. 

Qeyd edək ki, Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda ümumilikdə 30-dan çox ölkədən 120-yə yaxın nümayəndə, o cümlədən diplomatlar, nüfuzlu ekspertlər və rəsmi şəxslər iştirak ediblər.
 

Azerconnect Group haqqında

Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

Zemfira Ms
Fins.az