BİZNES

26 Sentyabr

Maliyyə Nazirliyinin iclası: Üzv dövlətlər hansı mövzuları müzakirə edib?

Sentyabrın 25-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının XXI iclası keçirilib. 

Fins.az xəbər verir ki, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan respublikalarından olan səlahiyyətli şəxslərin qatıldığı iclasda  çıxış edən Azərbaycan Respublikasının maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, 2018-ci ildən etibarən respublikamızda mühasibat uçotu sahəsində tam olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqinə başlanılmışdır. Ölkədə uğurla həyata keçirilən fiskal və monetar siyasət iqtisadi islahatların davam etdirilməsinə, iqtisadiyyatın bütün sahələrinə xarici investisiyaların cəlb edilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə güclü təkan verib. 

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini və cari ilin noyabrında Bakıda COP29 tədbirinin keçiriləcəyini xatırladan A.Bayramov yaşıl enerjinin istehsalı və yaşıl enerjinin dünya bazarlarına nəqlinin hazırda ölkənin enerji siyasətində prioritet təşkil etdiyini qeyd edib. 

Daha sonra iclasın gündəliyinə uyğun olaraq MDB-nin 2030-cu ilə qədər olan dövr üçün İqtisadi İnkişaf Strategiyasının mərhələlər üzrə icrası, üzv dövlətlər arasında maliyyə-iqtisadi sahədə qarşılıqlı əlaqələrin mövcud vəziyyəti, milli mühasibat uçotu və hesabat sistemlərinin təkmilləşdirilməsi, audit fəaliyyətinin tənzimlənməsi üzrə milli sistemlərin inkişafı, audit xidmətləri bazarının vəziyyəti və beynəlxalq standartların tətbiqi ilə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib. 

Zemfira Ms
Fins.az