İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Nyu-Yorkda BMT-nin “Gələcəyin sammiti” çərçivəsində dünyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
Fins.az xəbər verir ki, o, Rokfeller Fondunun Asiya regionu üzrə vitse-prezidenti Dipali Xanna, Afrika İttifaqı İnkişaf Agentliyinin baş icraçı direktoru Nardos Bekele-Tomas, “Brookings” İnstitutunun baş elmi işçisi Amar Bhattaçarya, “Sasakava Sülh Fondu”nun Okean Siyasəti Tədqiqat İnstitutu direktoru Fabrizio Bozzato, Almaniya İnkişaf və Davamlılıq İnstitutunun direktoru Anna-Katerina Hornidc, “Global Solutions Initiative” təşkilatının direktoru Kristian Kastrop, Tətbiqi İqtisadiyyat İnstitutunun prezidenti Lusiana Mendes Santos Servo, Birləşmiş Millətlər Universiteti İnstitutunun direktoru Şinobu Yamaquçi ilə görüşüb.
Görüşlərdə qlobal arxitekturanın dəyişməsi fonunda Azərbaycanın COP29-da prezidentliyi və “yaşıl maliyyə” təşəbbüsünü gücləndirməsi xüsusi vurğulanıb. İkitərəfli təmaslarda həmçinin innovasiya və texnologiyanın inkişafına diqqətin artırılmasının əhəmiyyəti müzakirə olunub. Bildirilib ki, rəqəmsallaşma və iqtisadiyyatın şaxələndirilməsini prioritetə çevirən Azərbaycan iqlim dəyişiklikləri, bərpa olunan enerji, sudan səmərəli istifadə və ətraf mühitin mühafizəsi kimi sahələrdə elm və texnologiyanın gücünü artıra bilər.
Vüsal Qasımlı bildirib ki, COP29-a rəhbərliyi dövründə Azərbaycan həssas qrupa daxil olan ölkələrə ekoloji problemlərin həlli və maliyyə yardımlarının ayrılması üçün qlobal müzakirələrin aparılmasında mühüm rol oynamağa hazırdır. Azərbaycan çoxtərəflilikdə liderliyi ələ alaraq beynəlxalq gündəliyi müəyyən edir.
Beyin mərkəzlərinin rəhbərləri G20/G7 və COP arasında koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini vurğulayayıblar. Bildirilib ki, Avropa və Asiya arasında strateji coğrafi mövqeyə malik Azərbaycan iqlim və iqtisadi inkişafla bağlı siyasi qərarlara təsir etmək imkanını artırır.
Zemfira Ms
Fins.az