BİZNES

23 Sentyabr

“Norm Ustalar Klubu”nda usta övladlarına dəstək layihəsi başlayıb

Norm Ustalar Klubunda klub üzvü olan ustaların övladlarının iştirak etdiyi “Təhsilli gələcəyəm” layihəsi start götürüb. 

Fins.az xəbər verir ki, layihə çərçivəsində 2025-ci ildə ali məktəblərə imtahan verməyə hazırlaşan 30 usta övladı seçdikləri ixtisaslara uyğun fənlərdən hazırlıqlara cəlb olunacaqlar. Hazırlıq kurslarının təşkili ilə bağlı təhsil şirkəti ilə əməkdaşlıq artıq qurulub. 9 aylıq proqramın gedişatında tədrisin keyfiyyətinin və abituriyentlərin hazırlığının ölçülməsi məqsədilə mütəmadi monitorinq aparılacaq və yoxlama imtahanları keçiriləcək.

Qeyd edək ki, Norm Ustalar Klubu “Norm” ASC tərəfindən təsis edilib. İnşaat sahəsində işləyən və sementdən istifadə edən ustalar kluba üzvlük əldə edirlər. Klubda ustalarla yanaşı, onların övladları və ailəsindəki qadınlar üçün müxtəlif sosial məsuliyyət layihələri həyata keçirilir.

“Norm” ASC dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq, cəmiyyətin inkişafına fəal şəkildə töhfə verməyi öz öhdəsinə götürüb. Şirkət tərəfindən həyata keçirilən müxtəlif layihələr bu məqsədlərin icrasını hərtərəfli dəstəkləyir. 

Şirkət 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Zemfira Ms
Fins.az