BİZNES

20 Sentyabr

İqlim dəyişikliyi və dayanıqlı heyvandarlıq: Beynəlxalq konfrans başladı

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Respublikamızda keçirilməsi ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyinin və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun (HETİ) birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyinin dayanıqlı heyvandarlığın inkişafına təsiri” adlı beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Fins.az xəbər verir ki, Konfransda Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat İnstitutları, AMEA-nin Aqrar Problemlər İnstitutu, Naxçıvan Muxtar Respublikasının Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu, ADA Universiteti, Azərbaycan Texnologiya İnstitutu, Türkiyə Respublikasının Aksaray Universitetinin rəhbər şəxsləri, o cümlədən, kənd təsərrüfatı mütəxəssisləri, bölgələrdən olan fermer və sahibkarlar iştirak ediblər.

Konfransda giriş sözü ilə çıxış edən HETİ-nin direktoru Mahir Hacıyev qeyd edib ki, COP29 kimi mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfüzundan xəbər verir. Kənd təsərrüfatı sektoru, qlobal iqlim dəyişikliyinin təsirlərinə ən həssas sahələrdən biridir. İqlim dəyişikliyi məhsul istehsalı, torpaq məhsuldarlığı, su təchizatı və kənd təsərrüfatı ekosistemləri üzərində böyük təsirlərə malikdir. Buna görə də, kənd təsərrüfatının iqlim dəyişikliyinə qarşı dayanıqlılığını artırmaq üçün bir sıra tədbirlər və strategiyalar tətbiq olunur.

Tədbirdə iqlim dəyişiklikləri və heyvandarlığın əlaqəsi, dayanıqlı heyvandarlıq təcrübələri, texnologiya və yeniliklər, iqtisadi və sosial təsirlər mövzusunda müzakirələr aparılıb.

Daha sonra konfrans öz işini “Heyvan genofondunun qorunub saxlanması, istiliyə dözümlü yeni heyvan tiplərinin və cinslərinin yaradılması” mövzusunda panel sessiyada davam etdirib.

Sessiyada Rusiya, Belarusiya, Türkiyə və Azərbaycandan olan mütəxəssislər müxtəlif aktual mövzular üzrə geniş təqdimat və məruzələrlə çıxış ediblər.

Konfrans iki gün davam edib.

 

Zemfira Ms
Fins.az