"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində “Vətəndaşların sağlam həyat tərzi” məqsədi üzrə ilin birinci yarısında görülmüş işlər “Sağlam həyat tərzi” İşçi qrupu tərəfindən müzakirə edilib.
Fins.az xəbər verir ki, İşçi qrupun sədri, səhiyyə nazirinin müavini Nadir Zeynalov Strategiya çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb, aidiyyatı orqanların bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
İşçi qrupun sədr müavini, İİTKM-nin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə sənədin 2024-cü ilin birinci yarısı üzrə icrasına dair hazırlanmış hesabatı təqdim edib. O, “Vətəndaşların sağlam həyat tərzi” məqsədinin yeddi fəaliyyət istiqaməti üzrə aparılmış monitorinq və qiymətləndirmənin nəticələrini, həmçinin qeydə alınan çağırışları və tövsiyələri diqqətə çatdırıb.
Daha sonra İşçi qrupun üzvləri çıxış ediblər, təklif və iradlarını dilə gətiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Sağlam həyat tərzi” İşçi qrupunda Səhiyyə Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in rəhbər şəxsləri təmsil olunurlar.
Zemfira Ms
Fins.az