BİZNES

11 Sentyabr

“Araz Supermarket”ə cərimə: qiymət qanunları pozulub

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarket” MMC-də qanun pozuntusu aşkar edib. İqtisadiyyat.az-ın verdiyi məlumata görə, Dövlət Xidməti avqust ayında marketlər şəbəkəsinə qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 447.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Fins.az xəbər verir ki, Protokol, “Araz Supermarket”in məhsulunu göstərilən qiymətdən baha satdığına görə hazırlanıb. İXM-in 447.0.1-ci maddəsi, istehlakçıların malın ölçüsü, çəkisi və istehlak xüsusiyyətləri barədə az miqdarda yanlış məlumat verilməsi hallarında cərimə tədbirləri tətbiq edir. Fiziki şəxslər üçün 350-500 manat, vəzifəli şəxslər üçün 1500-2000 manat, hüquqi şəxslər üçün isə 4000-6000 manat məbləğində cərimə tətbiq edilir.

Eyni zamanda, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsi, satıcıların istehlakçılara malın qiyməti, istehlak xassələri və digər mühüm məlumatlar haqqında dəqiq və düzgün məlumat verməsini tələb edir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, daha əvvəl də “Araz Supermarket” barəsində qanunvericiliyin pozulması ilə bağlı tədbirlər görmüşdü.