Məcəllədə nəzərdə tutulan yeni tənzimləmə alətləri barədə məlumat verilib, sahəvi tənzimləyici orqanlar tərəfindən həyata keçirilən tədbirlərin rəqabət qanunvericiliyinin tələblərinə uyğun tətbiq edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqabət Məcəlləsinin tətbiqi barədə aparılan maarifləndirmə tədbirləri davam etdirilir.
Fins.az xəbər verir ki, bu silsilədən olan növbəti seminar bir sıra sahəvi tənzimləyici orqanların nümayəndələri üçün “Rəqabət Məcəlləsi: tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda keçirilib.
Rəqabət Məcəlləsində təsbit edilən yeni anlayışların, bazar iştirakçılarının rəqabət nöqteyi-nəzərdən bazara olan tələblərinin, habelə Məcəllədə təsbit edilən bir sıra məqamların müzakirəsinə dair təşkil edilmiş seminarda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.
Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı təqdimatla çıxış edərək ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən Rəqabət Məcəlləsinin hazırlanması zərurəti, strukturu və üstünlükləri barədə geniş məlumat verib. Bundan əlavə, dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların rəqabət qanunvericiliyinə zidd olan hərəkətləri, eləcə də subsidiyaların və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərinin qiymətləndirilməsi məsələləri müzakirə edilib.
Tədbir zamanı rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı Məcəllədə təsbit olunmuş tənzimləmə mexanizmləri barədə danışılıb, sahəvi tənzimləyici orqanlar tərəfindən rəqabət siyasətinin əsas prinsiplərinə əməl edilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Zemfira Ms
Fins.az