BİZNES

10 Sentyabr

SİF "Yaşıl texnologiyalar"a 3,6 milyon manat güzəştli kredit ayırıb - Osman Xaliyev

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarların layihələrinin maliyyələşdirilməsi, ölkə iqtisadiyyatının şaxələndirilməsi və yeni iş yerlərinin yaradılmasında xüsusi rol oynayır.

Fins.az xəbər verir ki, Fondun İdarə Heyətinin sədri Osman Xaliyev “Report”a müsahibəsində SİF-in Azərbaycan iqtisadiyyatına töhfəsindən, azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara, o cümlədən ətraf mühitin mühafizəsi, “yaşıl texnologiyalar”a istiqamətlənən layihələrə dəstəyindən danışıb.

- Sahibkarlığın İnkişafı Fondu Azərbaycan iqtisadiyyatının inkişafına necə töhfə verir?

- Sahibkarlığın İnkişafı Fondu uzun illərdir ki, Azərbaycanda sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini təmin edir. Fond bununla sahibkarlarla hökumət arasında əlaqələrin dərinləşməsinə, qarşılıqlı şəkildə formalaşmasına dəstək olur. Eyni zamanda, SİF 2002-ci ildən etibarən fəal şəkildə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsini həyata keçirir. Belə ki, indiyədək 49 min 500-dən çox layihəyə ümumilikdə 3,2 milyard manat məbləğində güzəştli kredit verilib.

- Fond işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara necə dəstək göstərir?

- İşğaldan azad edilmiş ərazilərdə investisiya layihələri həyata keçirən sahibkarlara iki istiqamətdə dəstək göstərilir. Birinci istiqamət güzəştli kreditlərin verilməsidir. Yəni Fond güzəştli maliyyə vəsaitini əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara çatdırır. Fond 2022-ci ildən bəri bu istiqamətdə maliyyələşdirməni həyata keçirir. İndiyədək 10 layihə üzrə 21,6 milyon manat güzəştli kredit təqdim olunub.

İkinci istiqamət sahibkarların işğaldan azad olunmuş ərazilərdə reallaşdıracaqları investisiya layihələrinə cəlb edəcəkləri kommersiya kreditləri üzrə Fond tərəfindən 90 %-dək zəmanətin təqdim edilməsi və eyni zamanda faiz dərəcəsinin 10 % bəndinin subsidiyalaşdırılmasını ehtiva edir.

- Bu mexanizmdə əsas şərtlər hansılardır?

- Azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar bu mexanizm çərçivəsində zəmanət və subsidiyadan yararlana bilirlər. Belə ki, sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Qeyd etmək istərdim ki, bu kreditlər üçün maksimal faiz dərəcəsi həddi 15 % müəyyənləşdirilib. Bunun da 10 % bəndi Fond tərəfindən subsidiyalaşdırılır. Həmçinin kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

Biz 2024-cü il fevralın 1-dən bu mexanizm üzrə aktiv şəkildə fəaliyyətə başlamışıq. Bu mexanizm elektron platforma vasitəsilə həyata keçirilir. Yəni həm sahibkar, həm bank, həm də Fond üzrə bütün müraciətlərin baxılması və cavablandırılması, zəmanətin təmin edilməsi, hesabatlılığın təşkil olunması elektron platforma üzərindən həyata keçirilir. Vurğulamaq istərdim ki, 6 sahibkarlıq subyekti üzrə 15,6 milyon manat dəyərində kredit üçün 12,2 milyon manat dövlət zəmanəti təmin edilib. Maliyyələşən sahibkarlıq subyektləri üzrə artıq subsidiyalaşdırmaya başlanılıb.

- İqtisadiyyatın hansı sektorları Fondun dəstəyindən daha çox faydalanır? Fond seçdiyi layihələrdə daha çox nələrə diqqət yetirir?

- Məlum olduğu kimi, Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirdiyi əsas sahələr ölkənin sosial, iqtisadi inkişaf prioritetlərinə söykənir. Bu zaman əlavə dəyərin və yeni iş yerlərinin yaradılması, xüsusilə regionların inkişafına töhfə verilməsi kimi amillər nəzərə alınır. Fondun bu prioritet sahələri müəyyən etməsi üçün Müşahidə Şurası tərəfindən hər ilin əvvəlində prioritet sahələr və regionlar müəyyənləşir.

2024-cü il üçün prioritetlərə sənaye məhsullarının istehsalı və emalı, o cümlədən aqrar emal, kənd təsərrüfatı, logistik xidmət, anbar komplekslərinin yaradılması, turizm, balıqçılıq və akvakultura, həmçinin akvaponika, yaşıl, rəqəmsal inkişaf və innovasiya, kütləvi informasiya vasitələrinin inkişafı, təhsil, tibb və xidmət sahələri üzrə layihələr aiddir. Hazırda tibb, təhsil və turizm sahələri üzrə güzəştli kreditdən Bakı, Sumqayıt və Abşeron rayonu istisna olmaqla, regionlarda layihə həyata keçirmək istəyən sahibkarlar yararlana bilərlər. Xidmət sahəsi üzrə isə Naxçıvan Muxtar Respublikası və işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarların layihələri maliyyələşdirilir. Bu istiqamətdə daxil olan müraciətlərin tamlığı Fond tərəfindən avtomatik olaraq yoxlanılır və daha sonra həmin layihələr üzrə səmərəlilik göstəricilərin təhlili aparılır.

Qeyd etmək lazımdır ki, Sahibkarlığın İnkişafı Fondu yalnız iqtisadi cəhətdən səmərəli olan layihələri maliyyələşdirir.

- Bu il Fondun maliyyələşdirdiyi layihələr nəticəsində nə qədər iş yeri yaradılıb?

- SİF bu ilin 8 ayı ərzində 3 507 layihə üzrə 138,3 milyon manat məbləğində güzəştli kredit verib. Bu güzəştli kreditlər sayəsində yaradılacaq və ya genişləndiriləcək müəssisələrdə 2 808 yeni iş yerinin yaradılması planlaşdırılır.

- Sahibkarlığın İnkişafı Fondu iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hansı addımlar atır?

- Qeyd etdiyim kimi, Fondun əsas hədəfi, öz fəaliyyətini həyata keçirən zaman nəzərə aldığı amillər sosial-iqtisadi inkişafın prioritetlərini üstün tutmaqdır. Yəni biz ixracyönümlü məhsulların istehsalını stimullaşdırmağa çalışaraq, idxalı əvəz edəcək və ya ixrac potensialı olan layihələrin maliyyələşdirilməsində fəal şəkildə iştirak edirik.

Eyni zamanda, əgər iş yerlərinin açılmasını təşviq ediriksə, bu zaman biz layihələrin təhlili zamanı iş yerlərinin yaradılması amilinə nəzər yetiririk. Biz paralel olaraq, daha çox regionlardan olan layihələrin maliyyələşdirilməsini həyata keçiririk. Bu, həm coğrafi, həm də sahəvi konsentrasiyanın azaldılmasına istiqamətlənib. Odur ki, daha çox Azərbaycanın regionlarından olan müraciətlərin maliyyələşdiririlməsini həyata keçiririk.

- Rəhbərlik etdiyiniz qurumun iqtisadi tənzimləmə və inkişaf siyasətinin əsas istiqamətləri hansılardır?

- Fond ilk öncə inkişafını təmin etmək üçün, sözsüz ki, strateji inkişaf istiqamətlərini müəyyən edir. Burada əsas məsələ Fondun institusional bazasının gücləndirilməsidir. Buna kadr potensialının inkişaf etdirilməsi, xidmətlərin elektronlaşdırılması daxildir. Bununla xidmətin həm keyfiyyətinin, həm də sürətinin artırılması nəzərdə tutulur.

İkinci məsələ Fondun göstərdiyi xidmətlər üzrə şəffaflığın, operativliyin və şaxəliliyin təmin edilməsidir. Bu istiqamətdə də kifayət qədər çox addımlar atmışıq. Belə ki, müraciətlər üzrə tələb olunan sənədlərin siyahısında sadələşdirmə aparılıb. Daxil olan müraciətlərin təhlili və nəticələrin çatdırılması prosesində operativliyin, şəffaflığın təmin olunması məqsədilə tələb olunan sənədlərin siyahısında azaldılma edilib. Üstəlik, paralel olaraq müraciətlərin baxılması artıq avtomatik formada proqram təminatı vasitəsilə həyata keçirilir. Bu isə mümkün xətaların azaldılmasına və subyektivlik amilinin tam aradan qaldırılmasına yardım göstərir. Bundan başqa, Fond fəaliyyətinin şaxələndirilməsi məqsədilə yeni maliyyə alətlərinin təhlili və onların tətbiqi istiqamətində də işlər görür.

Paralel olaraq Fond ətraf mühit, sosial və korporativ meyarlara diqqət yetirən müəssisələrlə, layihələrlə əməkdaşlığı dərinləşdirməyi hədəfləyir. Eyni zamanda, biz son 2 ildə prioritet istiqamətlər sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik. Bu da Fondun həm dəstək mexanizmlərinin şaxəliliyini, həm də ümumi iqtisadiyyatda baş verən trendlərlə uzlaşmanı təmin edir.

- Bəs Fond ətraf mühitinin mühafizəsi, emissiya tullantılarının atmosferə buraxılmasının azaldılması, “yaşıl texnologiya”lara dair layihələrə nə qədər güzəştli kredit ayırıb?

- Sahibkarlığın İnkişafı Fondu bu istiqamətdə daxil olan müraciətlərə həssaslıqla yanaşır. Fond bu istiqamətdə indiyədək 5 layihə üzrə 3,6 milyon manat dəyərində güzəştli kredit verib. Buraya istehsal müəssisəsində günəş panellərinin quraşdırılmasına, elektrik doldurma stansiyasının yaradılmasına xidmət edən layihələr daxildir. Eyni zamanda, biz işğaldan azad olunmuş ərazilərdə icra olunacaq layihə üçün kommersiya bankından götürülən kreditə dövlət zəmanəti təmin etmişik. Fond bu layihə üzrə 3 il ərzində faiz subsidiyasının. Bu layihədə minatəmizləmə qurğularının istehsalı və işğaldan azad edilmiş ərazilərdə istifadəsi nəzərdə tutulur. Bunu həm ətraf mühit, həm də sosial korporativ məsuliyyət baxımından bu istiqamətə aid edə bilərik.

- Fondun xarici investisiyaların cəlb edilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətindəki fəaliyyəti barədə məlumat verərdiniz.

- Fond ölkə daxilində sahibkarların güzəştli şərtlərlə maliyyələşməsini həyata keçirməklə yanaşı, beynəlxalq qurumlarla, o cümlədən həm beynəlxalq maliyyə təşkilatları, həm də digər ölkələrin analoji qurumları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində beynəlxalq maliyyə təşkilatları ilə potensial maliyyənin cəlb edilməsi istiqamətində müzakirələr aparırıq. Eyni zamanda, birgə layihələrdə iştirakla bağlı danışıqlar aparır və digər ölkələrin analoji qurumları ilə təcrübə mübadiləsi həyata keçiririk.