“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans çərçivəsində iki panel iclas təşkil olunub.
Fins.az xəbər verir ki, iqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans panel müzakirələrlə davam edib.
“KOB subyektlərinin yaşıl iqtisadiyyata keçidinin zərurəti” mövzusunda paneldə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva, “SmartNation” Platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova, “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin layihə direktoru Eşli Roulands, energetika üzrə ekspert Cahangir Əfəndiyev və “Sustainera Solutions” şirkətinin partnyoru İlkin Hacıyev yaşıl iqtisadiyyatın inkişafda rolunun artırılmasında dövlətin prioritetləri, karbon izi indikatorlarının ixraca təsiri, bərpa olunan enerji tərəfdaşlığı vasitəsilə KOB-ların potensialının artırılması, enerji səmərəliliyinin karbon emissiyasının azaldılmasında rolu, xalis sıfır hədəflərinə çatmaqda KOB-ların əhəmiyyəti, KOB-ların yaşıl iqtisadiyyata keçidinin sürətləndirilməsi üçün potensialın artırılması barədə məlumat veriblər.
“İqlim maliyyəsi və KOB-lar” mövzusunda paneldə isə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsi müdirinin müavini Eldar Əhmədov, Mərkəzi Bankın Dayanıqlı maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov, Azərbaycan Bank Tədris Mərkəzinin fəxri direktoru Cavanşir Abdullayev, strateji və idarəetmə məsələləri üzrə ekspert və “Caspian Group”un təsisçi partnyoru Mehman Abbas, Azərbaycan Beynəlxalq Bankının Strategiya ofisi direktorunun müavini Berk Öztürk yaşıl maliyyənin genişlənməsi sahəsində vizyona və strateji planlara, Enerji Fondunun yaşıl keçidin maliyyələşdirməsi üçün mexanizmlərinə, maliyyə bazarı iştirakçılarının yaşıl maliyyələşməyə hazırlığı barədə fikirlərini bölüşüblər.
Hər iki panel üzrə müzakirələr bitdikdən sonra sahibkarların sualları cavablandırılıb.
Zemfira Ms
Fins.az