BİZNES

09 Sentyabr

Karbon vergiləri yenidən KOB sektoruna investisiya olunacaq - Samirə Musayeva

Sentyabrın 25-26-da Bakıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək.

Fins.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda açıqlayıb.

Onun sözlərinə görə, tədbirin əsas məqsədi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin vergi administrasiyalarının, eləcə də beynəlxalq təşkilatların iştirakı ilə karbon qiymətləndirilməsi siyasətlərini uzlaşdırmaqdır. Bu prosesdə qlobal emissiyalarda yüksək paya malik ölkələrlə daha az paya sahib ölkələrin sənaye inkişaf templəri nəzərə alınaraq, balanslı, lakin bərabər olmayan karbon vergi qiymətləndirilməsi siyasətinin formalaşdırılması hədəflənir. 

S.Musayeva əlavə edib ki, bu siyasət kiçik və orta biznesin maraqlarını qoruyaraq, onların inkişafına mane olmamaq şərti ilə həyata keçiriləcək. Eyni zamanda, toplanan karbon vergiləri yenidən biznesə reinvestisiya edilərək, bu sahənin inkişafına dövlət tərəfindən dəstək tədbirlərini əhatə edəcək.

Fuad Mədətov
Fins.az