BİZNES

09 Sentyabr

KOB-lar üçün yaşıl resurs mərkəzləri yaradılacaq - Orxan Məmmədov

Kiçik və orta biznes (KOB) sektorunda "yaşıl siyasət" və strategiyaların geniş tətbiqi üçün böyük potensial mövcuddur.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda çıxış edib.

O bildirib ki, beynəlxalq inkişaf təşkilatları ilə birgə bu sahədə ətraflı təhlillər aparılıb: "Aparılan təhlillər nəticəsində KOB-ların "yaşıl iqtisadiyyat"da iştirakını məhdudlaşdıran əsas problemlər üç qrupa bölünüb. Birinci problem məlumat və bilik çatışmazlığı, ikinci isə potensial və bacarıqların aşağı səviyyədə olmasıdır. Üçüncü və sonuncu əsas problem isə maliyyə resurslarına çıxışın məhdud olmasıdır."

O. Məmmədov vurğulayıb ki, “yaşıl konsepsiya”nın tətbiqi üzrə işlər davam etdirilir: “Biz hazırda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG) standartları üzrə altqrupu çərçivəsində, həm yerli, həm də beynəlxalq səviyyədə, ilk təcrübə olaraq "Yaşıl Biznes Standartı"nın hazırlanması üzərində çalışırıq. Bundan əlavə, KOBİA 2023-cü ilin fevral ayından etibarən BMT-nin Qlobal Sazişinə qoşulub. Bu gün isə “ACWA Power” şirkəti ilə imzalanacaq Anlaşma Memorandumu KOB-ların “yaşıl iqtisadiyyat”a keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur.”

KOB-ların "yaşıl transformasiya" sahəsində üzləşdiyi problemlərin universal xarakter daşıdığını bildirən O. Məmmədov, bu çətinliklərin aradan qaldırılması üçün qlobal təşəbbüs irəli sürməyi təklif edib: “Bu təşəbbüs KOB-ların Yaşıl İqlim Keçidi üçün Bakı Koalisiya Bəyannaməsində əks olunub. Sənəd iki əsas hissədən ibarətdir: Preambula və Operativ Həll. Preambulada KOB-ların dünya iqtisadiyyatında rolu, ətraf mühitin qorunmasında əhəmiyyəti və bu istiqamətdə qlobal resursların səfərbər edilməsinin vacibliyi qeyd olunur. Operativ Həll hissəsində isə KOB-ların qarşılaşdığı üç əsas problem üzrə fəaliyyət istiqamətləri təklif olunur.”

O əlavə edib ki, sənəddə həmçinin qlobal səviyyədə şəbəkələşmənin və institusional əlaqələndirmə platformalarının təmin edilməsi üçün Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması təşəbbüsü də irəli sürülüb. “Bu mərkəzlər hər bir ölkədə yaradılaraq, KOB-ların qarşılaşdığı spesifik problemlərin müəyyən edilməsi, təhlili və qlobal təcrübəyə əsaslanaraq həll yollarının təklif edilməsi, həmçinin texniki və ekspert dəstəyi təmin edəcək. Beləliklə, Bakı Koalisiya Bəyannaməsinin beynəlxalq səviyyədə qəbul edilməsi və KOB sektorunda daha çox maraqlı tərəfin qoşulması üçün İqtisadiyyat Nazirliyinin koordinasiyası ilə təşviq kompaniyası və əlaqələndirmə işləri aparmağa hazırıq. Bəyannaməni COP29 çərçivəsində təqdim etmək və onun dəstəyini qazanmaq məqsədimizdir,” – deyə Məmmədov qeyd edib.

Fuad Mədətov
Fins.az