BİZNES

09 Sentyabr

Bərpa olunan enerji mənbələri 2030-cu ilə qədər enerji balansının 30%-ni təşkil edəcək - Mikayıl Cabbarov

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkil etdiyi “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib.

“Bu potensialın realizasiyası istiqamətində dünyanın aparıcı enerji şirkətləri ilə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində mühüm layihələr icra olunur. Bu layihələr, 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin qoyuluş gücünün 30%-ə çatdırılması hədəfinə nail olmaq məqsədinə xidmət edir,” - deyə nazir bildirib.

M.Cabbarov xüsusilə "yaşıl enerji" zonası elan olunmuş Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətini vurğulayıb. Bu ərazilər bərpa olunan enerji mənbələri baxımından böyük potensiala malikdir. Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında günəş enerjisi potensialı, Laçın və Kəlbəcər rayonlarında isə külək və su elektrik enerjisi potensialı yüksək qiymətləndirilir. Hökumət Qarabağda bizneslərin inkişafını stimullaşdırmaq üçün xüsusi təşviq mexanizmləri, güzəştlər və stimullaşdırıcı tədbirlər təqdim edir.

Nazir əlavə edib ki, kiçik və orta biznes subyektlərinin (KOB-ların) iqlim dəyişikliyi və onun maliyyələşdirilməsi sahəsində biliklərinin artırılması, lazımi bacarıq və potensiallarının inkişaf etdirilməsi, iqlim maliyyələşməsinə və texnologiyaya çıxışlarının genişləndirilməsi vacibdir. Eyni zamanda, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin gücləndirilməsi bu subyektlərin "yaşıl iqtisadiyyat"da rolunu daha da artıracaq. KOB-ların “yaşıl texnologiyalar”a keçidi, həm onların rəqabətqabiliyyətini artıracaq, həm də ölkənin iqtisadi siyasətinə mühüm töhfə verəcək.

“Ümumilikdə, “yaşıl iqtisadiyyat” genişmiqyaslı bir məsələdir və burada dövlət qurumlarının, bizneslərin, assosiasiyaların, akademik dairələrin və ictimaiyyətin birgə fəaliyyəti olduqca vacibdir. Bu konfransın məqsədi də məhz müxtəlif maraqlı tərəfləri bir araya gətirərək fikir mübadiləsi aparmaq və səyləri birləşdirməkdir,” - deyə Mikayıl Cabbarov qeyd edib.

Fuad Mədətov
Fins.az