BİZNES

05 Sentyabr

"ASAN ticarət" modeli yaradılacaq - Ramazan Karaşahin

Türk dövlətləri arasında ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə Azərbaycanın "ASAN xidmət" modelinin əsasında "ASAN ticarət" modeli yaradılacaq.

Fins.az xəbər verir ki, bu barədə Türk Ticarət Sərgisinin təqdimat konfransında Azərbaycanda fəaliyyət göstərən Türk Ticarət Mərkəzinin həmtəsisçisi Ramazan Karaşahin məlumat verib.

R.Karaşahinin sözlərinə görə, bu yeniliyin Türk Ticarət Mərkəzində tətbiq edilməsi planlaşdırılır: "Bu istiqamətdə lazımi addımları atacağıq. Biz iş adamlarına bütün istiqamətlərdə dəstək göstərməyə hazırıq".

Xatırladaq ki, Türk Ticarət Sərgisi bu il noyabrın 7-9-da Türkiyənin Ticarət Nazirliyinin himayəsi altında fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının Türk Ticarət və Sənaye Palataları Birliyi ilə əməkdaşlığı çərçivəsində İstanbul Sərgi Mərkəzində keçiriləcək. Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətlərin inkişafını məqsəd qoyur. Sərgi çərçivəsində B2B görüşləri və konfranslar keçiriləcək.

Fuad Mədətov
Fins.az