Astraxan şəhərində 13-15 noyabr tarixlərində "Şimal-Cənub - Yeni Üfüqlər" adlı beynəlxalq forum keçiriləcək.
Fins.az bu barədə forumun saytına istinadən xəbər verir.
Forum MDB ölkələri, Yaxın Şərq, Cənubi Asiya və Şərqi Afrika ölkələri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi və "Şimal-Cənub" dəhlizinin yeni iş konsepsiyasının formalaşdırılması məqsədini güdür.
Forumda müzakirə ediləcək mövzular arasında aşağıdakılar olacaq:
- İrandan, İraqdan, Pakistan, Əfqanıstan, Yaxın Şərq, Cənubi Asiya və Şərqi Afrikadan gələn tələblər və ixrac təklifləri.
- Yaxın Şərq, Cənubi Asiya və Şərqi Afrikada mövcud və yeni ticarət-nəqliyyat mərkəzləri.
- "Şimal-Cənub" dəhlizi və əlaqəli marşrutlar üzrə tariflər və daşınma müddətləri.
- Şərq və Qlobal Cənubla iş üçün maliyyə sxemləri və yük sığortası.
- Yeni şəraitdə paralel idxal və təkrar ixrac məsələləri.
Forumda həm region ölkələrinin şirkət nümayəndələri, həm də logistika, bank, maliyyə, konsaltinq və ticarət sahələrindən mütəxəssislər iştirak edəcək.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi 2000-ci ildən Sankt-Peterburqda imzalanmış "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş əsasında inkişaf edir. Hal-hazırda 12 ölkə, o cümlədən, Azərbaycan dəhlizin iştirakçısıdır.
Fuad Mədətov
Fins.az