İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti göstərdiyi xidmətlərin elektron müstəviyə keçidinin təmin edilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahənin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir. Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiq edən ipoteka kağızının elektron qaydada tərtib olunması və qeydiyyata alınmasını təmin edən elektron sisteminin fəaliyyəti isə bu işlərin davamıdır.
Fins.az xəbər verir ki, hazırda İpoteka Kağızının Elektron Sistemi vasitəsilə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiq edən ipoteka kağızının tərtibi və qeydiyyata alınması elektron şəkildə həyata keçirilir. İstifadəyə verildiyi dövrdən (16 iyun 2022-ci il) bu ilin avqustun 30-dək 13.482 ipoteka kağızının tərtibi və qeydiyyata alınması elektron şəkildə aparılıb.
Qeyd edək ki, əvvəllər bu sənədlər yalnız kağız daşıyıcıda tərtib edilirdi və Mərkəzi Bank tərəfindən kağız daşıyıcıda qeydiyyata alınırdı. Bu sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ipoteka qoyanlar tərəfindən tərtib edilməsi, həmin kağızın ipoteka saxlayanların adına qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.
Yuxarıda adıçəkilən əməliyyatların tam elektronlaşdırılması ölkəmizdə kredit, ipoteka və daşınmaz əmlak bazarının inkişafına, bu sahələrdə şəffaflığın və etibarlılığın artmasına töhfə verir.
Qeyd edək ki, istifadəçilər “www.e-emlak.gov.az” saytına daxil olaraq İpoteka Kağızının Elektron Sisteminə keçid edə bilərlər (//ikes.emlak.gov.az/ ).
Zemfira Ms
Fins.az