BİZNES

30 Avqust

Hüseyin Büyükfırat: "Türkiyə şirkətləri Qarabağda texnoloji parklar yaratmaq, BOEM-ə investisiya yatırmaq istəyirlər"

Son 20 ildə Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, xüsusən də xarici ticarət və investisiya qoyuluşu istiqamətlərində ciddi nəticələr əldə olunub və bu, iki ölkənin beynəlxalq arenada mövqelərini möhkəmləndirir.

Fins.az xəbər verir ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat "Report"a müsahibəsində ikitərəfli iqtisadi münasibətlərin cari vəziyyəti haqqında öz baxışını bölüşərək, əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini açıqlayıb. Əməkdaşlığın ən fəal olduğu əsas sahələri, həmçinin nəqliyyat dəhlizləri və enerji tərəfdaşlığı kimi strateji layihələrin hər iki dövlətin gələcək inkişafı üçün əhəmiyyətini vurğulayıb.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Hazırda iki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. AzərbaycanlaTürkiyə arasında ticarət dövriyyəsinin həcmi son illərdə əhəmiyyətli dərəcədə artıb. Enerji, nəqliyyat, infrastruktur kimi sektorlarda genişmiqyaslı layihələr həyata keçirilir. Enerji sektorunda əməkdaşlıq əlaqələrin inkişafında önəmli istiqamətlərdən birini təşkil edir. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri kimi böyük enerji layihələri bu əməkdaşlığın əsas göstəriciləridir və bu layihələr sadəcə Azərbaycan və Türkiyəyə deyil, o cümlədən bölgənin və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verir.

İki ölkə arasında ticarət sektorunda əməkdaşlıq inkişaf edir, qarşılıqlı sərmayələrin həcmi artır. 2020-ci ildə imzalanmış Preferensial Ticarət Sazişi bu əlaqələri daha da möhkəmləndirib. Hesab edirəm ki, Saziş ölkələrarası ticarət dövriyyəsinin artırımına səbəb olacaq. Ümumiyyətlə, Türkiyə və Azərbaycan əlaqələri "bir millət, iki dövlət" prinsipinə əsaslandığı üçün iqtisadi münasibətlər gələcəkdə daha da genişlənəcək, hər iki tərəfə daha da faydalı olacaq.

- Ötən illər ərzində ölkələrarası iqtisadi əlaqələrin təşviqi üçün görülmüş işlərin səviyyəsini necə dəyərləndirirsiniz və əməkdaşlığın genişləndirilməsi üçün hansı imkanları var?

- Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün bir sıra imkanlar mövcuddur. Hər iki ölkənin strateji mövqeyi, təbii resursları və iqtisadi inkişaf potensialı bu əlaqələrin dərinləşdirilməsinə şərait yaradır. Energetika, nəqliyyat və infrastruktur, turizm və mədəniyyət, İKT sahələrində birgə fəaliyyətin nəticələrindən məmnunuq.

Azərbaycanın qeyri-neft sektorunun inkişafında Türkiyənin böyük rolu var, bu da iki ölkə arasındakı iqtisadi əlaqələrin şaxələndirilməsinə kömək edir. Bu əməkdaşlıq uzunmüddətli perspektivdə hər iki ölkənin iqtisadi rifahına töhfə verən güclü bir təməl yaradıb. İndi isə əsas diqqət bu əlaqələrin daha da genişləndirilməsinə və yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsinə yönəldilməlidir.

-Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyətlərinin genişləndirilməsi üçün hansı təklifləriniz var?

- İdxal və ixrac əməliyyatlarında daha əlverişli gömrük prosedurlarının tətbiqi və vergi güzəştlərinin daha da genişləndirilməsi, xarici sərmayədarların cəlbində müsbət bir addım ola bilər. Azərbaycan manatı ilə Türkiyə lirəsi arasında məzənnə dəyişiklikləri idxal-ixrac əməliyyatları aparan şirkətlər üçün maliyyə riskləri yarada bilər. Bu, şirkətlərin maliyyə planlaşdırmasında və uzunmüddətli müqavilələrin bağlanmasında çətinlik yarada bilər.

Bununla yanaşı, Azərbaycanda bəzi hallarda inzibati prosedurların təkmilləşdirilməsinə ehtiyac var. Şirkətlərin daha sürətli və səmərəli şəkildə fəaliyyət göstərə bilməsi üçün icazə və qeydiyyat proseslərinin daha da sadələşdirilməsi, Türkiyə şirkətlərinin bazara daha sürətli daxil olmasına imkan yarada bilər.

-Türkiyə şirkətləri Azərbaycana hansı yeni istiqamətlər üzrə sərmayə qoymağı planlaşdırırlar və bu sahədə hansı işlər aparılır?

-Türkiyə şirkətləri Azərbaycanda müxtəlif sahələrə sərmayə qoymaqda maraqlıdırlar və bununla bağlı yeni layihələr həyata keçirirlər. Xüsusən də günəş və külək enerjisi istehsalına sərmayə qoymaqda maraqlıdırlar. Azərbaycanın bərpa olunan enerji sahəsində geniş potensialı var və bu, yeni layihələrin icrası üçün cəlbedici imkanlar yaradır. Türkiyə şirkətləri bu sahədəki təcrübələrini Azərbaycanla bölüşməyə hazırdırlar.

Həmçinin, enerji infrastrukturunun genişləndirilməsi də maraq dairəsinə daxildir. Türkiyə şirkətləri enerji infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi sahəsində də fəaliyyət göstərirlər. Neft-kimya sənayesi və təbii qaz infrastrukturuna sərmayə qoyuluşu xüsusilə diqqət mərkəzindədir.

Bundan əlavə, nəqliyyat dəhlizləri və infrastruktur sahəsini qeyd edə bilərəm. Bakı-Tbilisi-Qars dəmir yolu kimi mövcud nəqliyyat dəhlizlərinin genişləndirilməsində və yeni logistika mərkəzlərinin yaradılmasında Türkiyə şirkətləri yeni sərmayələr yatırmağı planlaşdırırlar.

Azərbaycanla Türkiyə arasında yeni ticarət marşrutları və logistika həlləri üzərində də işlər aparılır. Türkiyə şirkətləri Xəzər dənizi və hava nəqliyyatı vasitəsilə yük daşımalarında yeni imkanlar axtarır və bu sahədə investisiya planlarını inkişaf etdirirlər. Həmçinin, əsas sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi də aktual istiqamətlərdəndir. Türkiyə şirkətləri Azərbaycanda kənd təsərrüfatı məhsuldarlığını artırmaq üçün yeni texnologiyaların tətbiqi və aqrar sektorda modernləşmə layihələri həyata keçirməyi planlaşdırırlar. Türkiyə şirkətləri Azərbaycanın potensialını qida istehsalı və emalı sahələrində də qiymətləndirir, yeni zavodların və istehsalat sahələrinin qurulması istiqamətində işlər aparırlar.

Türkiyə turizm sektorunda geniş təcrübəyə malikdir və Azərbaycana investisiya yatıra bilər. Xüsusilə, yeni hotellər, turizm obyektləri və kurortların yaradılması kimi layihələr üzərində işlər aparılır. Əməkdaşlıq imkanları turizm marşrutlarının yaradılması və təşviqi sahəsində də mövcuddur.

Türkiyə şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif investisiya layihələri iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə və qarşılıqlı faydanın təmin etməsinə yönəlib.

- Türk iş adamlarının azad edilmiş ərazilərdə hansı fəaliyyətləri var?

- Türkiyə şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində müxtəlif sahələrdə fəal şəkildə iştirak edirlər və bu ərazilərin yenidən qurulmasında mühüm rol oynayırlar. Qarabağda fəaliyyətlərini genişləndirmək istəyən Türkiyə şirkətləri, həm iqtisadi inkişafı dəstəkləyir, həm də strateji əhəmiyyətli layihələr həyata keçirirlər. Əsas fəaliyyət sahələri infrastruktur və yenidənqurma, kənd təsərrüfatı, sənaye və texnologiya, enerji sektorlarıdır.

Türkiyə şirkətləri azad edilmiş ərazilərdə yolların, körpülərin və digər nəqliyyat infrastrukturunun inşasında fəal iştirak edirlər, yeni magistral avtomobil yollarının, dəmir yollarının və hava limanlarının tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilir. Bununla yanaşı, Türkiyə şirkətləri məskunlaşma planlarında və müasir şəhərlərin yaradılması istiqamətində görülən işlərdə yaxından iştirak edirlər. Qarabağda enerji təchizatının bərpası və yeni enerji infrastrukturunun qurulması üzrə Türkiyə şirkətləri mühüm rol oynayır. Bərpa olunan enerji sahəsində layihələr, xüsusilə günəş və külək enerjisi stansiyalarının inşası üzrə də planlar mövcuddur.

Ümumiyyətlə azad edilmiş ərazilərin kənd təsərrüfatı sahəsində potensialı yüksəkdir və bu sahədə də müxtəlif layihələr həyata keçirilir. Əkinçilik, heyvandarlıq və ərzaq emalı sahələrində yeni müəssisələrin qurulması və müasir texnologiyaların tətbiqi planlaşdırılır. Türkiyə şirkətləri kənd təsərrüfatı məhsullarının emalı və ixracı üçün aqrar-sənaye komplekslərinin, sənaye parklarının və istehsalat mərkəzlərinin yaradılması istiqamətində də fəaliyyətlərini genişləndirirlər. Bu layihələr ağır sənaye, emal sənayesi və tikinti materialları istehsalı üzrə sahələri əhatə edir. Texnologiya və İKT sahəsində də Türkiyə şirkətləri azad edilmiş ərazilərdə yeni müəssisələr və texnoloji parklar yaratmaq niyyətindədirlər.

Zəngin turizm potensialına malik olan Qarabağ bölgəsində turizm infrastrukturu və hotellərin yaradılması önəmli məsələlərdəndir. Tarixi və mədəni irsin bərpası, yeni turizm marşrutlarının yaradılması və ekoturizm sahəsində layihələrin həyata keçirilməsində Türkiyə şirkətləri də öz töhfəsini verə bilər.

Gələcəkdə daha çox enerji, kənd təsərrüfatı, sənaye və turizm sahələrində sərmayələrin artırılması və yeni layihələrin həyata keçirilməsi gözlənilir. Bu ərazilərin iqtisadi və sosial inkişafına dəstək olmaq üçün Türkiyə şirkətləri Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində daha sıx əməkdaşlıq etməyə davam edəcəklər.

- İki ölkə arasında ticarət dövriyyəsinin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsinin son illərdə əhəmiyyətli dərəcədə artması göz qabağındadır. Hər iki ölkənin strateji tərəfdaşlığı bu artımın davam etməsini təmin edir. 2023-cü ildə ticarət dövriyyəsi 7,6 milyard ABŞ dollarını ötüb və bu, iqtisadi əlaqələrin güclü olduğunun bariz göstəricilərindəndir.

- TÜİB-in iki ölkə arasında əlaqələrini inkişafı üçün hansı təklifləri var?

- Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi ticarət dövriyyəsinin artımı, qarşılıqlı investisiyaların təşviqi və strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi hesabına mümkündür.

Güzəştli kreditlər və ya birgə investisiya fondları, iş adamlarının və şirkətlərin yeni layihələrə sərmayə qoymasını asanlaşdıra bilər. Bu fondlar, xüsusilə azad edilmiş ərazilərdəki layihələrə yönəldildiyi təqdirdə ticarət dövriyyəsinin artmasında əhəmiyyətli yer tutacağına inanıram. Həmçinin, ticarət marşrutlarının inkişafı və nəqliyyat logistikasının yaxşılaşdırılması, yeni logistika həllərinin tətbiqi ticarət əlaqələrinin daha da möhkəmlənməsinə kömək edə bilər. Yeni marşrutların və tranzit yollarının yaradılması, həmçinin gömrük prosedurlarının optimallaşdırılması ticarət axınlarını sürətləndirə bilər.

- Birliyin fəaliyyətində nə kimi yeniliklər gözlənilir?

- 100-dən çox üzvü olan TÜİB-in tərkibində maliyyə, inşaat, kənd təsərrüfatı və qida, logistika-gömrük, səhiyyə, turizm və xidmət, sənaye və ticarət sahələrini əhatə edən 7 aktiv komissiya fəaliyyət göstərir. TÜİB-i Azərbaycanda çalışan türk iş adamları təsis edib. Hər iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, onları birgə əməkdaşlıq etməyə və investisiya yatırımlarına təşviq etmək, real və məhsuldar məşğulluğu artırmaq və bütün tərəflərin məmnun qalmasını təmin etmək əsas hədəflərimiz arasındadır.