BİZNES

26 Avqust

Azərbaycan və Pakistan biznes sektorunda nümayəndə heyətlərinin mübadiləsi üçün fəaliyyət planı hazırlayır

Azərbaycan və Pakistan biznes sektorunda nümayəndə heyətlərinin mübadiləsi üçün erkən fəaliyyət planının hazırlanmasına dair razılığa gəlib.

Fins.az Pakistan mətbuatına istinadən xəbər verir ki, bu razılaşma Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Senat sədrinin müavini Syedaal Xan (Syedaal Khan) ilə keçirdiyi görüş zamanı əldə olunub.

Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər, ikitərəfli münasibətlər və regionun ümumi vəziyyəti müzakirə edilib.

Syedaal Xan Pakistan və Azərbaycan arasında iqtisadi-ticarət, investisiya, enerji, müdafiə, kənd təsərrüfatı və təbii sərvətlər sahələrində əməkdaşlığın artırılmasına ehtiyac olduğunu vurğulayıb. O, ikitərəfli investisiya və ticarətin təşviqinə təcili ehtiyac duyulduğunu və iqtisadi əməkdaşlığı artırmaq üçün mövcud maneələrin aradan qaldırılmasının vacib olduğunu qeyd edib. Syedaal Xan həmçinin biznes nümayəndə heyətlərinin mütəmadi mübadiləsinin ticarət və investisiya imkanlarını artıra biləcəyini bildirib. Xüsusilə Bəlucistan əyalətinin mineral sərvətlərlə zəngin olduğunu və bu regionun inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Xəzər Fərhadov da Azərbaycan-Pakistan əlaqələrinin inkişaf etdirilməsinə böyük maraq göstərildiyini qeyd edib və bu istiqamətdə səylərin davam etdiriləcəyini vurğulayıb.

Fuad Mədətov
Fins.az