BİZNES

23 Avqust

Azərbaycan-Özbəkistan əməkdaşlığında yeni mərhələ: Strateji tərəfdaşlıq və regional inkişaf

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında əməkdaşlığın dərinləşməsini vurğulayaraq qarşılıqlı münasibətlərdə yeni mərhələnin əsasını qoyur.

Fins.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, bu səfər, xüsusilə, ticarət, investisiya və strateji tərəfdaşlıqlar sahələrində mühüm əhəmiyyət daşıyır və Azərbaycanın Türk dünyası daxilində əlaqələri gücləndirmək siyasəti ilə uyğun gəlir.

Vüsalə Cəfərovanın sözlərinə görə, Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlıqda böyük irəliləyiş əldə edib. Belə ki, son beş ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Təkcə cari ildə bu sahədə artım 20% olub. Hər iki dövlət qarşılıqlı ticarəti 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Əməkdaşlığın əsas sahələrinə enerji, tekstil, kənd təsərrüfatı və şəhərsalma daxildir. Səfər çərçivəsində liderlərin birgə İnvestisiya Fondunun kapitalının artırılacağı ilə bağlı bəyanatları, “Azərbaycan Resprublikası İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nın (“Yol xəritəsi”) imzalanması bu sahədə irimiqyaslı layihələrin icrasına zəmin yaracaq.

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin də davamlı artdığını bildirən TDAM rəhbəri qeyd edib ki, dövriyyənin həcmi 2019-cu ildə 81.9 milyon dollar olmuşdusa da, 2022-ci ilə qədər 183.3 milyon dollara çataraq təxminən 124% artım göstərib. Ticarət əlaqələrinin genişlənməsinə 15 oktyabr 2019-cu ildə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşündə Özbəkistanın şuraya tam üzv kimi qoşulması mühüm təsir göstərib.

Mənbə. Azərbaycan Statistika Komitəsi

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Özbəkistana ixrac olunan malların dəyəri 13,964.8 min ABŞ dolları, idxal isə 77,022.2 min ABŞ dolları təşkil edib. İdxalın əhəmiyyətli dərəcədə artımı, əsasən, sənaye məhsulları, avadanlıqlar, avtomobil və tikinti materialları kimi sahələrə aiddir. İxrac isə daha çox kənd təsərrüfatı, neft və neft-kimya sənayesinə aid məhsullar, eləcə də metal məmulatlarını əhatə edir. Bu fərq iqtisadi əməkdaşlığın balanslaşdırılması üçün qarşıdakı illərdə yeni ticarət strategiyalarının vacibliyini göstərir.

Vüsalə Cəfərova bildirib ki, səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının birinci iclasında strateji əməkdaşlığı daha da gücləndirmək məqsədilə mühüm qərarlar qəbul edilib. Xüsusilə, Azərbaycan və Özbəkistan Prezidentləri arasında “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin” imzalanması tarixi əhəmiyyətə daşıyır. “SOCAR” və “Uzbekneftqaz” şirkətləri arasında imzalanan sənədlər enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək. Bununla yanaşı, turizm sahəsində 2024-2026 illər üzrə fəaliyyət planı, mədəni əməkdaşlıq üzrə yol xəritəsi, təhsil və elm, ədliyyə, əmək fəaliyyəti, ticarət və iqtisadiyyat, regional əməkdaşlığa dair razılaşmalar nəticəyönümlü layihələri hədəfləyir.

Daşkənddə keçirilən biznes forumda onlarla biznes müqavilələrinin imzalanması iqtisadiyyatın müxtəlif sektoruları üzrə müştərək müəssisələr, ticarət və investisiya layihələri üzrə əhəmiyyətli anlaşmaların əldə olunması iki ölkə arasında hədəflənən ticarət dövriyyəsinin artmasına töhfə verəcək.  Bu addımlar regional inteqrasiyanı gücləndirəcək və iki ölkənin iqtisadi maraqlarını dəstəkləyəcək. Xüsusilə Azərbaycanın işğaldan azad olunan Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması özbək xalqının qardaş dəstəyininin ifadəsidir. Ümumiyyətlə, Özbəkistan azad olunmuş ərazilərin bərpasında yaxında iştirak edir. Füzuli şəhərində orta məktəbin inşası bu dəstəyin bariz nünunəsidir.

Ölkələrin həm regionda, həm də beynəlxalq arenada nüfuzu sürətlə artmaqdadır. Bu baxımdam Transxəzər dəhlizi üzrə əməkdaşlıq potensialının daha səmərəli istifadəsi dövlət başçılarının müzakirə etdiyi əsas mövzulardan biridir. Azərbaycan türkdilli ölkələrlə əlaqələri gücləndirmək prioritetini davam etdirir. Xüsusilə ticarət və Orta Dəhliz boyunca infrastrukturun inkişafı, Mərkəzi Asiya və Qafqaz arasında əlaqəni artırmaq Türk Dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir.

Fuad Mədətov
Fins.az