Azərbaycan Özbəkistanın tikinti sektoruna 500 milyon ABŞ dollarından çox investisiya yatırmağı planlaşdırır.
Fins.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Özbəkistanın Azərbaycandakı fəxri konsulu Kənan Cəlilov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda açıqlayıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə iki ölkə arasında yükdaşımalarda 25-30% artım olduğunu bildirib:
“Qurulmuş nəqliyyat-logistika kommunikasiyaları gözlədiyimiz nəticələri verir. Regionda yükdaşımaların həcmi hər iki istiqamətdə 25-30% artır”.
Nazir həmçinin yaxın zamanda Xankəndi şəhərində tekstil istehsalı müəssisəsinin açılacağını açıqlayıb. Bu, Özbəkistan şirkətinin investisiya layihəsidir.
Forumda Bakı, Şuşa, Daşkənd və Səmərqənddə ticarət evlərinin və “show room”ların açılması məsələləri də müzakirə olunub.
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, ölkəsinin Azərbaycanda faydalı qazıntıların emalı və tikinti materialları istehsalında iştirak etməyə hazır olduğunu bildirib. Eyni zamanda, Kudratov Azərbaycan şirkətlərini Özbəkistanda əlvan metal yataqlarının işlənməsi və hasilatında iştirak etməyə dəvət edib:
“Enerji və neft-qaz sahələrində əməkdaşlıq yaxşı templə inkişaf edir”.
Fuad Mədətov
Fins.az