Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda energetika, təhsil, logistika, tikinti sahələri üzrə əməkdaşlıq və Bakı ilə Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi həyata keçirilib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib. O, bu sənədlərin ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və çoxşaxəli tərəfdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
Qeyd edək ki, Daşkənddə işə başlayan Özbəkistan-Azərbaycan biznes forumunun açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov iştirak ediblər. Forum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsi, əməkdaşlığın inkişafı, investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, forum ticarət həcminin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması yollarını müzakirə etmək üçün mühüm bir platforma rolunu oynayır.
Bundan əlavə, forum çərçivəsində “Made in Azerbaijan” sərgisinin də keçirilməsi nəzərdə tutulur ki, bu da Azərbaycanın ixrac potensialının nümayişi və ölkələr arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün vacib bir addımdır.
Fuad Mədətov
Fins.az