BİZNES

22 Avqust

Azərbaycan sahibkarları Özbəkistana məhsul ixracında maraqlıdır - Yusif Abdullayev

Azərbaycan sahibkarları Özbəkistana məhsul ixracında maraqlıdır.

Fins.az xəbər verir ki, bunu Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, foruma Azərbaycandan 67 şirkət, o cümlədən, 10-a yaxın dövlət qurumunun nümayəndəsi qatılıb və bu gün “İqtisadiyyatın əsas istiqamətləri” adlı Azərbaycan məhsullarının sərgisi başlayır.

Avqustun 22-də Daşkənddə iki günlük Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb. Forum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsi, əməkdaşlığın inkişafı, investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədini güdür. Forum həmçinin ticarət həcminin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması yollarını müzakirə etmək üçün platforma təmin edəcək.

Hazırda Özbəkistanda 236 Azərbaycan kapitallı müəssisə fəaliyyət göstərir. Bunlardan 62-si müştərək, 174-ü isə tamamilə əcnəbilərə məxsusdur. Azərbaycanda isə 70 özbək şirkəti aktivdir. Ümumilikdə, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi 118,2 milyon ABŞ dollarını keçib.

Fuad Mədətov
Fins.az