Sayca 6-cı qrant müsabiqəsi 2024-cü ilin ikinci yarısında keçiriləcək.
KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 21 layihəyə 374488 manat həcmində qrant ayrılıb.
Fins.az-a qurumdan verilən məlumata görə, indiyədək isə KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək üçün 5 qrant müsabiqəsi təşkil edilib. Bu müsabiqələrə təqdim edilmiş layihələrdən 79-na 1426955 manat məbləğində qrant dəstəyi göstərilib.
Növbəti, 6-cı qrant müsabiqəsi 2024-cü ilin ikinci yarısında keçiriləcəkdir.
Qrant müsabiqələrinin keçirilməsi, layihələrin ekspertizası, maliyyələşdirilməsi, monitorinq və hesabatlılıq məsələləri Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, həyata keçirilir. Qaydaya əsasən, müsabiqəyə təqdim olunan layihələr müxtəlif dövlət və özəl qurumları təmsil edən 7 nəfərdən ibarət Ekspert Komissiyası tərəfindən qiymətləndirilir. Layihələr müvafiq qayda ilə müəyyən edilmiş 14 meyara (layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər) uyğun olaraq, 1-5 ballıq sistem üzrə qiymətləndirilir və layihələrin ekspertizasının nəticələrinə dair yekun qərar sadə səs çoxluğu ilə təsdiq edilir. Ekspertizanın əsas məqsədi müsabiqəyə təqdim olunmuş layihələrin məzmununun və onların yerinə yetirilməsi imkanlarının qiymətləndirilməsindən və maliyyələşdirilməsinin məqsədəuyğunluğunun müəyyən edilməsindən ibarətdir. Ekspert Komissiyasının kollegial şəkildə qiymətləndirdiyi ən yüksək nəticə əldə etmiş layihələr müsabiqənin qalibi elan olunur və Agentlik tərəfindən həmin layihələrin maliyyələşdirilməsi barədə qərar qəbul edilir.
Layihələrin seçilməsi KOBİA tərəfindən şəffaflıq, bərabərlik, səmərəlilik və nəticəlilik meyarlarının üstünlüyü prinsiplərinə riayət olunmaqla həyata keçirilir. Müsabiqənin nəticələri, o cümlədən qalib gəlmiş KOB subyekti, onun layihəsi və ayrılmış qrant barədə məlumatlar Agentliyin saytında yerləşdirilir. Qrant müsabiqələrində qalib gəlməyən layihələr təkmilləşdirməklə növbəti müsabiqələrə təqdim oluna bilər. Həmçinin, layihə sənədlərinin hazırlanmasında Agentliyin KOB inkişaf mərkəzlərinin dəstəyindən də yararlanmaq mümkündür. Qrant ayrılmış bütün layihələrin Agentlik tərəfindən yaradılmış Monitorinq Qrupu tərəfindən icra gedişatı yoxlanır, monitorinq edilir.