BİZNES

30 İyul

Azərbaycanda ünvan lövhələri və istiqamət dirəklərinin istehsalına başlanılıb

Azərbaycanda nəqliyyat infrastrukturu obyektlərinin adını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələri və istiqamət dirəklərinin istehsalına başlanılıb. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “NB Holdinq” Açıq Səhmdar Cəmiyyətinin Marketinq departamentinin direktoru Mahir Quliyev deyib.

Onun sözlərinə görə, 20 ildir fəaliyyət göstərən şirkət Azərbaycanda bu məhsulların yeganə istehsalçısıdır: “Əsas sifarişçilərimiz dövlət qurumlarıdır. Müəyyən dövlət proqramları çərçivəsində sifarişləri həyata keçirməklə işə başlamışıq. Ancaq özəl qurumların, ərazilərdə təmir-tikinti işləri aparan podradçı şirkətlərin də sifarişlərini həyata keçirə bilərik”.

Departament direktoru əlavə edib ki, ünvan və informasiya lövhələrinin yerli istehsalının təşkili üçün zavodda Niderland Krallığının “Rimas Technology Group” şirkəti tərəfindən Avropa və Yaponiya istehsalı olan rəqəmsal çap avadanlığı və müvafiq avadanlıqlar quraşdırılıb. İstehsal olunan məhsulların keyfiyyəti Avropa standartlarına tam cavab verir. Ünvan və informasiya lövhələri günəş şüalarına qarşı dayanıqlıdır. Zavodda məhsulun istehsalı və keyfiyyətinə nəzarət onlayn sistem vasitəsilə Niderland Krallığı mütəxəssisləri tərəfindən həyata keçirilir.

İstənilən həcmdə sifarişi yerinə yetirməyə qadir olan zavod hazırda istehsal gücünün 30-40 faizi qədər məhsul istehsal edir. Bakıda yerləşən müəssisənin illik istehsal gücü təxminən 1 milyon kvadratmetrdən yuxarıdır.

“Hələ ki, yerli bazarın tələbatını ödəyirik. Amma ixrac imkanları olarsa, dəyərləndirə bilərik”,- deyən zavod rəsmisi xammalı Hollandiya və Belçikadan aldıqlarını, məhsullarına 10 il zəmanət verdiklərini söyləyib.