BİZNES

26 İyul

Bu ilin birinci yarımilliyi ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə göstəricilər

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 75 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Dövlət əmlakının özəlləşdirilməsi, hərracların təşkili sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 29 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 412 nəqliyyat vasitəsi satılıb. Bu ilin ilk 6 ayı ərzində  hərraca çıxarılmış dövlət əmlakı üzrə 305 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 38 onlayn qoşulma reallaşıb.

Yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hesabat dövrü ərzində investisiya müsabiqəsi vasitəsilə “Bakı Alüminium Profil” MMC özəlləşdirilib. Bununla yanaşı, “Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib. Hazırda Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi aparılır.

Özəlləşdirmədən dövlət büdcəsinə 75 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 24% artım qeydə alınıb.