Yol hərəkəti haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mətbuat nümayəndələri üçün brifinq keçirilib.
Fins.az xəbər verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, ölkəmizdə mobillik və ictimai nəqliyyat sisteminin daha da səmərəli təşkili, avtobus parkının yenilənməsi, sərnişin və yükdaşımalarında keyfiyyətin yüksəldilməsi, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin müasir standartlara uyğunlaşdırılması, ekoloji təmiz nəqliyyat vasitələrinin, eləcə də mikromobillik vasitələrinin təşviqi prioritet məsələlər kimi daim diqqət mərkəzində saxlanılır.
“Bu istiqamətdə görülən işlər çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Son dəyişikliklər özündə mikromobillik, parklanma sahəsində qanunvericiliyin günün tələblərinə uyğunlaşdırılması, həmçinin normaların daha işlək hala gətirilməsi üçün tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsini əks etdirir. Qanunvericiliyə bir çox ilklər də daxil edilib”, – deyə nazir müavini qeyd edib.
Brifinqdə bildirilib ki, yol hərəkətinin təşkili və tənzimlənməsi sahəsində aparılan işlərdən biri də nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinə nəzarətin gücləndirilməsi, velosipedçilərin, kiçik elektrik nəqliyyat vasitələri sürücülərinin hərəkət təhlükəsizliyinin təmin edilməsi, eləcə də parklanma sahəsində fəaliyyətin təkmilləşdirilməsidir.
Qeyd edilib ki, ölkəmiz üçün yeni olan kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsinin artmasına baxmayaraq, bununla bağlı məsələlər normativ aktlarla tənzimlənmirdi. Yeni dəyişikliklər hərəkət iştirakçılarının sağlamlığı və təhlükəsizliyini təmin etməklə bərabər, həm də bu sahədə məsuliyyətin artırılmasına, tənzimlənmənin daha da effektiv tətbiqinə imkan yaradır. Eyni zamanda kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə, həmin növ nəqliyyat vasitələrinin icarəsini həyata keçirən operatorların fəaliyyətinə dair tələblər müəyyənləşdirilib, mikromobilliyə dair yol nişanı və nişanlanma xətti qanunvericiliyə daxil edilib.
Brifinqdə məlumat verilib ki, parklanma sahəsində dövlət qurumları üçün xidməti parklanma yerinin hüquqi əsasları müəyyən edilib, parklanmanın idarə edilməsinin mexanizmi təkmilləşdirilib. Mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə fərdi parklanma talonunun verilməsi ilə bağlı yeni normalar müəyyən edilib.
Bildirilib ki, insanların sağlamlığının qorunması, yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, sürücü məsuliyyətinin artırılması, həmçinin daha effektiv nəzarət mexanizminin qurulması məqsədilə yeni cərimələr müəyyən olunub, bəzi mövcud cərimə məbləğləri artırılıb.
Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
Fuad Mədətov
Fins.az