BİZNES

01 İyul

POS-terminal quraşdırılması kimlər üçün vacibdir?

“Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilib. Bu qərar ümumi müddəalar, əsas anlayışlar, ümumi tələblər, POS-terminalın quraşdırılması, POS-terminaldan istifadə edilməsi, POS-terminalın qeydiyyatdan çıxarılması və yekun müddəalar kimi 8 müddəa ilə tənzimlənir. “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Ülviyyə Əliyeva POS-terminalın quraşdırılması ilə bağlı müddəanın öhdəliklərini “vergiler.az”-a şərh edir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün bildiriş göndərir. Sifarişçi bildirişi aldıqdan sonra 10 iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir.

Sifarişçi POS-terminalın quraşdırılması üçün müraciət ərizəsi ilə birlikdə aşağıdakı sənədləri bank ekvayerə təqdim etməlidir:

- vergi ödəyicisinin və ya dövlət orqanının qanuni təmsilçisinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

- sifarişçinin vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti;

- təsərrüfat subyektinin vergi uçotunu təsdiq edən sənədin surəti.

Bank ekvayer sifarişçinin müraciətinə yuxarıda göstərilən sənədlər təqdim edildikdən sonra 3 iş günü müddətində baxır. Eyni zamanda, bank ekvayer bu müddətdə POS-terminalın quraşdırılması üçün texniki imkanların yoxlanması məqsədi ilə təsərrüfat subyektinə yerində baxış həyata keçirə bilər.

Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən, ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı müəyyən edilib:

- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);

- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);

- rüb üzrə orta aylıq dövriyyəsi 2.000 manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);

- hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;

- vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.