Dərc olunan hesabatda əsasən, ABŞ-ın ən böyük pərakəndə satış şirkəti olan “Walmart Inc” birinci maliyyə rübündə gəlirini 6%, xalis mənfəətini isə üç dəfədən çox artırıb.
Fins.az xəbər verir ki, “Walmart”-ın aprelin 30-da başa çatan rüb üçün xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 1.67 milyard dollar və ya hər səhmə görə 0.21$-dan 5.1 milyard dollar və ya hər səhmə görə 0.63$-a qədər dəyişib.
Birdəfəlik faktorlar nəzərə alınmadan qazanc hər bir səhm üçün 0.6$ təşkil edib ki, bu da analitiklərin hər bir səhm üçün 0.53$-lıq proqnozunun üzərindədir.
“Walmart”-ın rüblük gəliri öncəki il ilə müqayisədə 151 milyard dollardan 159.94 milyard dollara qədər yüksəlib. Bu göstərici üzrə orta bazar proqnozu 159.6 milyard dollar təşkil edirdi.
Şirkətin proqnozuna görə, ikinci maliyyə rübündə düzəliş edilmiş mənfəət hər bir səhm üçün 0.62-0.65$ təşkil edəcək və bütün maliyyə ili üçün əvvəlki proqnoz diapazonunun yuxarı həddinə yaxın və ya bir qədər üzərində - 2.23-2.37$ səviyyəsində olacaq.