BİZNES

03 May

Azərbaycan Asiya bankının İllik Toplantısında təmsil olunur

Mayın 2-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 57-ci İllik Toplantısı öz işinə başlayıb. Mayın 5-dək davam edəcək toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil edir.

Fins.az xəbər verir ki, toplantının ilk günündə “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” və  AİB-nin Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq (CAREC) Proqramının təşkil etdiyi “Regionda Yaşıl Dəyər Zəncirlərinin Maliyyələşdirilməsi” mövzularında seminar və panel müzakirələr keçirilib.

Avropa ilə Asiya arasında hər iki istiqamətdə ticarət üçün alternativ olan Orta Dəhlizin (Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) iqtisadi artıma və regional inteqrasiyaya təkan vermək potensialına həsr edlən ilk sessiyada Gürcüstanın maliyyə naziri, Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri, Avropa Komissiyasının Qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru, Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti çıxış edərək bu cür tədbirlərin üzv və tərəfdaş ölkələr arasında əlaqələrin inkişafında, ticarət dövriyyəsinin həcminin artmasında mühüm rol oynadığını vurğulayıb, regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən danışıblar. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin əhəmiyyəti xüsusi qeyd olunub.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov panel müzakirələrində çıxış edərək Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən və ticarət əlaqələri üçün mühüm bağlantıya çevrilən Orta Dəhliz ölkəmizin gündəliyində yer alan əsas nəqliyyat dəhlizi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan özünün nəqliyyat infrastrukturunu təkmilləşdirməklə, yol şəbəkələrinin, limanların, dəmir yollarının və hava nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə böyük həcmli sərmayələr yatırmaqla Orta Dəhlizlə bağlı öhdəliyinə sabit və qətiyyətli mövqeyini nümayiş etdirir. O, Xəzər dənizində ən böyük logistika qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının modernləşdirilməsi, avtomagistralların çəkilməsini qeyd edib.

Maliyyə naziri bu dəhlizin şaxələndirilməsinə və illik ötürmə qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına xidmət edəcək Zəngəzur dəhlizindən də bəhs edib. S.Şərifov hazırda Azərbaycanın nəqliyyat-tranzit gündəliyində yer alan əsas prioritet layihənin Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonunu Naxçıvan Muxtar Respublikasına və oradan da Türkiyənin Qars bölgəsinə birləşdirən nəqliyyat kommunikasiyalarının yaradılması olduğunu bildirib və əlavə edib ki, Zəngəzur dəhlizi Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir və region ölkələrinin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək: “Zəngəzur bağlantısının həyata keçirilməsi dəhlizin tutumunu artıracaq və çatdırılma müddətlərini daha sabit edəcək. Biz inanırıq ki, Zəngəzur dəhlizi həm də regiona davamlı sülh və təhlükəsizlik gətirəcək, ölkələr arasında ticarəti və əməkdaşlığı yaxşılaşdırmaqla etimad və sabitliyin yaranmasına kömək edəcək”.

Müzakirələr zamanı nazir Azərbaycan Qara dənizin dibi ilə kabel çəkilişi layihəsinin uğurla həyata keçirilməsi üçün Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etdiyini də diqqətə çatdırıb. “Azərbaycan bu layihənin bir hissəsidir və bu layihə həm Gürcüstanın, həm də Azərbaycanın enerji istehsalı potensialının artırılmasını əhatə edəcək”.

Nazir həmçinin bu il ölkəmizin çox mühüm qlobal iqlim konfransı COP29-a ev sahibliyi edəcəyini xüsusi qeyd edib və bildirib ki, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan mənbələrdən 5 QVT-a qədər enerji istehsal etməyi hədəfləyib. Bunun həm dövlət investisiyaları, həm də özəl sektorun investisiyaları hesabına nail olunmaq nəzərdə tutulub.

Panel müzakirələrdə Orta Dəhlizin nəqliyyat-tranzit potensialının artırılması üçün qarşıda duran çağırışlar və onların həlli ilə bağlı fikir mübadiləsi aparılıb, dəhlizin regional inteqrasiya və ölkələrin inkişafının dəstəklənməsində böyük potensala malik olduğu qeyd olunub.

“Regionda Yaşıl Dəyər Zəncirlərinin Maliyyələşdirilməsi” mövzunda keçirilən digər seminarda isə CAREC-in qlobal dəyər zəncirləri ilə əlaqələrinin gücləndirilməsində regional əməkdaşlığın rolu vurğulanıb, yaşıl dəyər zəncirlərininin maliyyələşdirmə mənbələrinin səfərbər edilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb və iqlimlə bağlı regional layihələrin hazırlanmasına dəstək imkanları nəzərdən keçirilib.

Panel müzakirələrdə çıxış edən S.Şərifov bildirib ki, hazırda iqlim dəyişikliyi ilə bağlı meydana çıxan çağırışlar yaşıl ticarəti təşviq etmək üçün regional əməkdaşlığı daha da aktuallaşdırıb ki, bu baxımdan CAREC platforması yaşıl dəyər zəncirlərinin inkişafını dəstəkləmək üçün xüsusi potensiala malikdir. Nazir vurğulayıb ki, enerji keçidi Azərbaycan kimi ölkələr üçün vacibdir, ölkələr keçidin rahat və müəyyən məqsədə yönəlmiş olmasını təmin etməlidir.

Azərbaycanın COP29-a ev sahibliyi etməkdən qürur duyduğunu vurğulayan nazir deyib ki, bununla Azərbaycan dövləti iqlim dəyişikliyinin mənfi fəsadları ilə mübarizəyə öz töhfəsini ortaya qoyur və dünya ölkələrini bu həyati vacib amala səfərbər etmək səylərini nümayiş etdirir: “İqlim maliyyələşməsi kimi iddialı qlobal məqsədlərə çatmaq üçün maliyyə vəsaitinə ehtiyac duyulur. Biz qlobal maliyyələşdirmə haqqında düşünməliyik və inanırıq ki, Bakıda keçiriləcək konfrans buna töhfə verəcək. Maliyyə resursları olmalıdır, biz hələ də bu resursların təmin edilməsi üsullarını, mexanizmlərini müzakirə edirik”.

Maliyyə naziri CAREC Proqramı üzrə sessiya iştirakçılarını bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək COP29-a dəvət edib.

İllik Toplantının ilk günündə maliyyə naziri Samir Şərifov bir sıra ikitərərəfli görüşlər keçirib. AİB-nin prezidenti Masatsuqu Asakava ilə görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı, xüsusilə nəqliyyat və dəmiryol layihələrində iştiraka dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, cari ildə Azərbaycanla  Bank arasında əməkdaşlığın 25 illiyi  qeyd olunacaq. Bankın Prezidenti bu münasibətlə Azərbaycana səfər edəcəyini ifadə edib.

S.Şərifov böyük məmnuniyyətlə Masatsuqu Asakavanı noyabr ayında Bakı şəhərində keçiriləcək qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a  Azərbaycan dövləti adından dəvət edib və dəvət qarşı tərəfdən qəbul olunub.

Gürcüstanın maliyyə naziri Laşa Xutişvili ilə keçirilən görüşdə isə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb, iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, habelə beynəlxalq maliyyə təşkilatlarında əməkdaşlıq məsələləri müzakirə edilib.

S.Şərifov AİB-nın Rəhbərlər Şurasının 57-ci İllik Toplantısına yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə gürcü həmkarını təbrik edib.

Fuad Mədətov
Fins.az