Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) “az” domeninin əhatə dairəsi və imkanlarının genişləndirilməsi məqsədilə milli inzibatçı ilə müzakirələr aparılıb.
Fins.az-ın məlumatına görə, müzakirələr də qeyd olunub ki, qısa müddət olmasına baxmayaraq, İSP-lərin və poçt (karqo) xidməti göstərən operatorların hesabatlılığı təmin edilib və adıçəkilən qurumlar rüblük hesabatlarını təqdim edirlər. Bu isə İKTA-ya bazardakı real vəziyyəti təhlil edərək doğru qərarlar verməyə imkan yaradır. Bu baxımdan “az” domeni ilə bağlı milli inzibatçının da hesabatlılığı təqdirəlayiq hesab edilir.
“az” domeni üzrə milli inzibatçı Faiq Fərmanov son illər Azərbaycanda rəqəmsal transformasiya sahəsində böyük irəliləyişlərin baş verdiyini və “az” domeninin idarə edilməsində də rəqəmsallaşmanın əhəmiyyətli olduğunu qeyd edib. Qarşıdakı dövr üçün “az” domeni üzrə istifadəçi məlumatlarının uyğunlaşdırılması məqsədilə elektron hökumət sisteminə inteqrasiyanın planlaşdırıldığını və bu prosesə İKTA-nın da dəstək verə biləcəyini bildirib.
Müzakirələr zamanı qarşıdakı dövr üçün yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadənin nəzərdə tutulduğu və bu istiqamətdə səlahiyyətli tərəflərlə müzakirələrin aparıldığı qeyd edilib. İPv6-ya keçidlə əlaqədar əməkdaşlıq edilməsi də müzakirə predmeti olub.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Fuad Mədətov
Fins.az