BİZNES

13 Aprel

İnvestisiya cəlb etməsi üsulları və qaydalar

Son zamanlar Azərbaycanda gündəmdə olan iqtisadi mövzulardan biri investisiya cəlb etməsi ilə əlaqədardır. Mövzunun dərin müzakirə olunması üçün öncəliklə investisiya növlərini və şərtlərini araşdırmaq lazımdır.

Belə ki, investisiya yatırılan pulun zamanla geri qaytarılması konsepti ilə idarə olunan maliyyə aləti hesab olunur. Bu isə özü-özlüyündə xarici investorlardan asılılıq yaratmış olur. Başqa sözlə desək, investisiya mövzusunda səhv yanaşmanın tətbiq olunması daxili iqtisadiyyatın zəifləməsi ilə nəticələnə bilər. Normal qaydada tətbiq olunan investisiya yatırımlarını az faizli və uzun müddətli kredit konseptinə nisbət olaraq izah etmək olar. Yatırılan investisiya məbləğinin pul şəklində geri qaytarılması əsas şərt olduğu halda bank kreditləşməsindən fərqi illik tətbiq olunan faiz dərəcəsinin az olması və uzun müddətə ayrılması hesab olunur. İnvestisiya yatırımlarının fərqli şərtləridə var. Misal olaraq, BOT (Build-Operate-Transfer) yəni, “qurmaq-işlətmək-ötürmək” şərtləri ilə yatırılan investisiya növünü nümunə gətirmək olar. Bu növ investisiya tətbiqat sahəsi üzrə fərqlənə bilər. Birinci hal ticarət, kənd təsərrüfatı və sair sahələrin inkişafı üçün istifadə oluna bilərsə, ikinci hal daha çox zavod və sair qurğuların inşası üçün əlverişlidir. Əksər hallarda investor yatırılan vəsaitin riskdən qorunması niyyəti ilə girov və ya qarantiya alınması təcrübəsindən istifadə edir. Uzun müddətli borc daxili iqtisadiyyatın inkişafına mane olmaması üçün investisiyanın istifadə sahəsi diqqətlə seçilməlidir. Ölkəmizdəki cari vəziyyəti nəzərdən keçirmiş olsaq, investisiya üçün lazımı şərait və tətbiqat sahələri düzgün seçilib deyə, fikir bildirmək olar. İşğaldan azad olunan ərazilərin infrastrukturunun inkişaf etməsi üçün sənaye parklarının yaradılması toplam olan investisiyanın faydalı geri dönümün təmin olunması ilə nəticələnməsinə gətirib çıxaracaq. Belə növ tətbiqat investorların riskinin az olmasının da göstəricisi kimi dəyərləndirilir. Gələcəkdə əlavə investisiya məbləğlərinin cəlb olunması üçün qanunvericiliklə tətbiq olunan “startup” layihələrinə vergi güzəşti kimi nümunələridə ayrıca qeyd etmək lazımdır.

Dünyada cərəyan edən qeyri stabil və dəyişkən siyasi vəziyyət, xarici valyutanın məzənnə nisbəti, sürətli artan inflasiya kimi göstəriciləri nəzərdən keçirsək, BOT investisiya üslubuna üstünlük vermək daha qənaətbəxş hesab olunur. Yetər ki, BOT layihələrin təşkili zamanı yuxarıda qeyd olunan risklər investorun öhdəliyində qalmış olsun.

BMG Internationalşirkətinin təsisçisi Orxan Məmmədzadə