Azərbaycan yaşıl iqtisadiyyatın qurulmasında uğur qazanıb.
Fins.az xəbər verir ki, bunu iqtisadçı ekspert, Hult Prize Universitetinin əməkdaşı, Yaşıl Dünya Fondunun təsisçisi Con Linus deyib.
Ekspertin sözlərinə görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanı yaşıl keçid sahəsində dünya səhnəsinə çıxaracaq.
“Ölkədə tullantıların lazımi şəkildə utilizasiyası həyata keçirilir ki, bu da elektrik və istilik enerjisi istehsalına, ictimai ehtiyaclar üçün xeyli az enerji sərf edən “ağıllı şəhərlər” konsepsiyasının yaradılmasına gətirib çıxarır. Hökumətin yaşıl investisiya alətlərinə dəstəyi ekoloji problemlərə qarşı mübarizədə əsas yer tuta bilər”, - o qeyd edib.
Con Linus vurğulayıb ki, dünyanın müxtəlif ölkələrindən maraqlı tərəflər Azərbaycanda toplaşdıqca, bilik və təcrübə mübadiləsi sammitin işini zənginləşdirməklə yanaşı, investisiyaların artmasına da töhfə verəcək.
“COP29-u keçirməklə Azərbaycan infrastruktur inkişafının yeni dövrünə qədəm qoyur. Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti bu tədbirlərdə fəal iştirak etməlidir. Bu konfransda özəl sektorun da iştirakı böyük əhəmiyyət kəsb edir”, - ekspert bildirib.
Ekspert əlavə edib ki, Azərbaycan hazırda neft və qaz gəlirlərini bərpa olunan enerji mənbələrinə sərmayə qoymaq üçün istifadə edir ki, bu da dekarbonizasiyanın bariz göstəricisidir.
© “Azərbaycan iqtisadiyyatı”