“De Montaj MMC”nin və "Connection Business Company"nin həmtəsisçisi və rəhbəri, “AC-M MMC”nin idarə heyətinin üzvü, sahibkar Könül Mövlamovanın Fins.az-a müsahibəsi.
- Şirkətlərinizin əsas iş prinsipi nədir?
- "De Mantoj Group" şirkəti 2011-ci ildə Fuad Mirzəyev tərəfindən təsis edilib və hal-hazırda fəaliyyət göstərir. Fəaliyyət növü söküntü sahəsidir. İş prinsipimiz söküntü, dağıtmaqdır. Bizim böyük layihələrimiz olub. Misal olaraq, bunlardan biri köhnə Bakı Hava Limanıdır. Digər işlərimizlə bağlı səhifəmizdə məlumatlarla tanış ola bilərsiniz.
Digər işimiz “AC-M MMC” şirkətidir və bu şirkət İT sahəsi ilə məşğuldur. Proqramlaşdırma işləri ilə məşğuluq. Həm proqramın yazılışı, həm də modul dəyişikliyi işləri ilə məşğuluq. Həm mühasibatlıq, həm də digər şirkətlərin baza sistemini quraşdıra bilərik. Artıq 700-dən çox restoran, dövlət qurumları, zavodlar və başqa yerlərin bazasını qurmuşuq. Yəni artıq yüzlərlə şirkətin bazası bizim tərəfimizdən tətbiq olunub. Bu da bizim yüksək keyfiyyətli iş ortaya qoyduğumuzdan irəli gəlir.
Həmçinin “AC-M MMC” şirkəti maliyyə fəaliyyətinin idarəetmə sisteminin yaradılması prosesini həyata keçirir.
"CBC GROUP MMC" Korporativ Biznes Xidmətləri, bir konsaltinq şirkətidir. Şirkətimiz biznes satışları ilə yanaşı digər partnyor şirkətlərlə də iş birliyi qurub. Qeyd olunan xidmətlər sahəsində çalışmaq istəyən şirkətlər müraciət etdikdə, məmnuniyyətlə partnorluq edərik. Yeni layihələrimizdə dostlarımızı yanımızda görməyə məmnun olarıq.
- Şirkətin xidmətləri və məhsullarına nəzər yetirdikdə, daha çox diqqəti çəkən keyfiyyət göstəriciləri və istehsalçı ölkələrin olmasıdır. Bu baxımdan sahibkaraların marağına səbəb olan amillər nədir?
- Bizim işimiz sırf xidmət sahəsidir. Bir sözlə, alqı-satqı deyil. Bu sahədə yetərincə mütəxəsislərimiz var. Əməkdaşlarımız isə illərin təcrübəsini keçmiş işçilərdir. Şirkətin həmtəsisçilərindən olan Rafiq müəllimin işi isə göz önündədir. Çünki şirkətlər müraciət edəndə artıq Rafiq müəllimi tanıyır, gördüyü işi yüksək qiymətləndirir. Əl işləri sözün əsl mənasında yüksək səviyyədədir. İşini də mütəxəsisləşmiş şəkildə görür. Şirkət də razı qalır ki, söküntü işlərində zərər görmür. Ümumiyyətlə, söküntü olduqda bizə müraciət edirlər. Çünki biz elə söküntü edirik ki, orada olan məhsullar yararsız hala düşmür, satışa yararlı olur. Bizim keyfiyyətimiz bununla bağlıdır. Bizim üçün keyfiyyətli iş yeni bir müştəri deməkdir.
“AC-M MMC”yə gəldikdə isə bu brend proqramın təminatı bütün ölkələrdə var. Bu proqram MDB ölkələrdində daha aktualdır. Mən Özbəkistanda olanda 1C proqramına nəzər yetirdim və bu proqramdan orada daha çox istifadə olunduğunu gördüm. Çünki keyfiyyətinə zəmanət var. Sadəcə olaraq, bildirmək istəyirəm ki, keyfiyyətli iş hər zaman yeni layihələrə başlanğıc deməkdir. Yəni biz işi axtarmırıq, iş bizi axtarır. Artıq bütün şirkətlər bizi yaxşı tanıyır.
- Sahibkarların əsas üzləşdiyi problemlər nədir və şirkət olaraq onlara necə dəstək ola bilərsiniz?
- Şirkət olaraq dəstək olmağımız ondan ibarətdir ki, mütəxəssislər yetişdirə, təcrübə proqramları təşkil edə bilərik. Orada da ali təhsilli şəxslər ola bilər ki, əlavə təcrübə keçə bilərlər. Problemlərə gəldikdə, üzləşdiyimiz problemlər çoxdur və başlıca səbəbi isə mütəxəssislərimizin az olmasıdır. İT sahəsində bu daha çox özünü göstərir. Hər proqram yazan İT mütəxəsisi olmur. Onun da öz məktəbi, öz dəsti-xətti var. Misal üçün, restoran sahibi proqramist dəvət edib, restoran sisteminə uyğun proqram yazıb və pulunu alıb gedir. Çünki tək bir insanla, fiziki şəxslə işləyir. Amma şirkətlə çalışsalar, bu, bütün hallarda keyfiyyətli iş ola bilər. Çünki şirkətlər zəmanətlə çalışır. Amma fərdi proqramist pulun alıb gedir, daha sonra problem yarandıqda onu tapmaq olmur. Bu işlər üçün mütəxəsislər yetişdirsək əla olardı. Çünki söküntü işlərində də bu kimi mütəxəsislər çox azdır. Çünki inşaatda daha çox təhlükə ilə üzləşirik. İşini bilməyən hər hansı bir əməkdaş gəlir, biz onu ən azı bir həftə test edirik. Bundan əlavə, bəzi işçilər forma geyinməkdən imtina edir. Hətta, qoyulan qaydalara riayət etmək istəmir. Bu da onlarla şirkət arasında uzlaşmamağa gətirib çıxarır.
- Qadınlar toxunulmazdır, deyirlər. Qadın sahibkarların fəaliyyətlərini yüksək qiymətləndirmək olar. Amma kişilərdən fərqli olaraq qadınların biznes mühitindəki yeri xüsusi görünür. Qadın və biznes: bunu necə dəyərləndirisiniz?
- Qadın sahibkarların faəliyyətini yüksək qiymətləndirmək olar. Amma kişilərin biznes mühitində yeri xüsusi görünür. Biznes sahəsində öz sözünü demiş, özünü təsdiqləmiş xanımlar kifayət qədərdir. Qadın və biznes sözünü belə ifadə etmək olar ki, qadınlar biznesi evdar xanım olduqda belə çalışıb yerinə yetirə bilirlər. Yəni qadınlar biznesə daha çox xırdaçı yanaşırlar. Qadın toxunulmazlığına gəldikdə isə kişilərdə avantajlıq daha çoxdur. Fiziki olaraq qadınların daha çox işləri olur və eyni zamanda həm ev, də biznes işlərini həyata keçirmək daha çox çətindir. Bir məsələ var ki, istənilən qadın qarşısına məqsəd qoyursa, həmin istəyinə nail olacaq. Bəzi dövlət sturukturlarında xanımların rəhbər vəzifədə olması qadın sahibkarlığına böyük təkandır. Bu mənada qadın həmrəyliyi deyilən bir misal var. Bizim də qadınlarla işlərimiz daha tez alınır. Biz zərif ola bilərik, amma düşünməsinlər ki, zəifik. Üstəlik beynimiz bir neçə yerə bölünür. Çünki ev qayğıları var. Bu işləri paralel aparmaq çox çətindir. Ona görə də qadınlar bu sahədə daha güclüdür deyə bilərik.
Deyək ki, gün ərzində 4 min kəlmə kişi deyirsə, qadınlar isə 8 min kəlmə deyir. Çünki kişilərə bir sözü 2 dəfə deyirsən. Ona görə də qadınlarla bu daha rahatdır. Bilirsiniz ki, bu sahədə də öz sözünü demiş, özünü təsdiqləmiş xanımlar var.
Fuad Mədətov
Fins.az