Çinin Alibaba şirkətinin böyük paya sahib olduğu e-ticarət platforması Trendyol Ukrayna bazarına girməyə hazırlaşır. Trendyol bu yaxınlarda Almaniya, Azərbaycan, Körfəz ölkələri, Mərkəzi və Şərqi Avropa (CEE) bazarına daxil olub.
Fins.az xəbər verir ki, Trendyol Ukrayna bazarına daxil olmağa hazırlaşır. Elektron ticarət platforması Ukraynada rəqəmsal infrastrukturundan və artan beynəlxalq əməliyyatlar sahəsindən səmərəli istifadə etməyi hədəfləyir.
Trendyol Qrupunun prezidenti Çağlayan Çətin texnologiya və müdafiə sənayesi şirkətlərindən biri olan Baykarın baş direktoru Haluk Bayraktar ilə birlikdə Kiyevdə Ukrayna hökumətinin yüksək səviyyəli nümayəndələri ilə görüşüb.
Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svridenko və Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışinin iştirak etdiyi görüşdə “Baykar” və “Trendyol” şirkətlərinin beynəlxalq investisiya planları müzakirə olunub.
Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Svridenko türk şirkətlərinin müharibənin bitməsini gözləmədən Ukraynaya sərmayə qoymağa hazırlaşmağı vacib hesab etdiyini bildirib.
Şirkətdən verilən açıqlamaya görə, Trendyol bütün yeni bazarlarda olduğu kimi Ukraynada da rəqəmsal və logistika infrastrukturuna sərmayə qoymağı planlaşdırır və Polşadakı 3 milyon anbar tutumu ilə fəaliyyətlərində əhəmiyyətli üstünlük təmin edəcək.
Günel Məlikzadə
Fins.az