Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılan LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. Bu barədə Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.
Qurumdan Fins.az-a bildirilib ki, "Caspian Energy Club International təşkilatçılığı ilə artıq LEF Network Azerbaijan layihəsi çərçivəsində Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında yeni texnologiyaların inkişafı və təhsil sahəsində əməkdaşlıq mövzusunun müzakirəsinə həsr olunmuş B2B Education Forum keçirilmişdir. Şirkətlər arasında əməkdaşlığa dair ilkin razılaşmalar əldə olunmuşdur", - Günel Quliyeva bildirib. O qeyd edib ki, Azərbaycanda biznes tərəfdaşlıq əlaqələri qurmaq, təhsil və yaşıl texnologiyalar sahəsində biznes mühiti haqqında ətraflı məlumat əldə etmək üçün bir araya gələn Latviya, Estoniya və Finlandiyadan olan 15 təhsil və yaşıl texnologiya şirkətlərinin rəhbərləri sözügedən forumda və daha sonra ikitərəfli görüşlərdə fəal iştirak ediblər.
"Bu tərəfdaşlıq çərçivəsində gələn il biz Azərbaycan şirkətlərinin Latviya, Estoniya və Finlandiyaya səfərini, eləcə də sözügedən ölkələrin şirkətlərinin Azərbaycanın paytaxtına və regionlarına bir neçə səfərini planlaşdırırıq. Məqsədimiz, maraqlarını ölkəmizdə təbliğ etmək niyyətində olduğumuz Latviya, Estoniya və Finlandiya şirkətləri və Azərbaycan sahibkarları arasında əməkdaşlığı inkişaf etdirməkdir", - Günel Quliyeva əlavə edib.
Xatırladaq ki, 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Layihəyə bu il start verilib və yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, Yaşıl texnologiyalar və təhsil sahələrində 10 satış müqaviləsinin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini yaratmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
Günel Məlikzadə
Fins.az